İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması“ adlı qrant layihəsi icra etməkdədir. Təşkilat qrant layihəsi çərçivəsində “Sosial müdafiəyə insan hüquqları yanaşması“ adlı araşdırma hesabatını Azərbaycan dilinə tərcümə edərək 300 nüsxədə nəşr edib. Hal-hazırda hesabat müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri və digər maraqlı tərəflər arasında paylanılır.
BMT-nin ifrat yoxsulluq və insan hüquqları üzrə keçmiş xüsusi məruzəçisi tərəfindən hazırlanmış bu Hesabat sosial müdafiə proqramlarının insan hüquqlarına təsirlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir və sosial təhlükəsizlik üçün insan hüquqları çərçivəsinin yaradılmasında önəmli rol oynamışdır.
Hesabat müəllifləri həssas qruplardan olan insanların vəziyyətinə və ayrı-seçkiliyin təsirinə xüsusi diqqət yetirməklə, ifrat yoxsulluq və insan hüquqlarının həyata keçirilməsi arasında əlaqəni araşdırır. Sosial müdafiə sistemləri xəstəlik, əlillik, analıq, əmək xəsarəti, işsizlik, qocalıq, ailə üzvünün ölümü, yüksək səhiyyə və ya uşağa qulluq xərcləri ilə üzləşən, ümumi yoxsulluq və sosial təcrid vəziyyətlərində olan bütün insanları yoxsullaşma risklərindən qorumalıdır. Yoxsulluq içində yaşayan insanların xüsusilə layiqli həyat səviyyəsi hüququnun (o cümlədən, layiqli qida və mənzil hüququ, təhsil və sağlamlıq hüquqlarının), heç olmazsa, minimum ehtiyac səviyyələrində istifadəsini təmin etmək üçün sosial müdafiə önəmli alət və öhdəlikdir. Müəlliflərin fikrincə, insan hüquqları yanaşması yoxsulluğun azaldılmasında sosial müdafiə sistemlərinin effektivliyini maksimuma çatdırmağa imkan verir.
Hesabatda həmçinin insan hüquqları çərçivəsinin əsas prinsiplərinin (bərabərlik və ayrı-seçkiliyə yol verməmək, iştirakçılıq, şəffaflıq və hesabatlılığın) sosial müdafiə sistemlərinin tərtib olunması, həyata keçirilməsi və qiymətləndirilməsi də daxil olmaqla bütün mərhələlərdə tətbiq edilməsi üçün tövsiyələr yer alır.
Çoxsaylı beynəlxalq insan hüquqları müqavilələri sayəsində dövlətlərin üzərinə götürdüyü geniş insan hüquqları öhdəliklərini nəzərə alsaq, Azərbaycanda da sosial müdafiənin insan hüquqları perspektivindən sistemli müzakirələrinə ciddi ehtiyac var. Nəşr ölkədə bu sahədə çalışan həm dövlət, həm də qeyri-dövlət iştirakçıları tərəfindən insan hüquqlarına əsaslanan yanaşmaların mənimsənilməsi baxımından əhəmiyyətli hesab edilib.
Nəşri elektron şəkildə aşağıdakı linkdən əldə edə bilərsiniz.