Milli Fəaliyyət Planında (MFP) nəzərdə tutulmuş fəaliyyətlərin orta icra göstəricisi 73% olub.
28 yanvar 2022-ci il tarixində dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının icrası” monitorinq hesabatının onlayn təqdimatı keçirilib. Müxtəlif dövlət qurumlarının (o cümlədən, Korrupsiya ilə mübarizə Komissiyası, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Maliyyə Monitoring Xidməti, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, KOBİA, ASAN, və s.) və onlarla QHT-lərin (ümumilikdə 54 nəfər) iştirakı ilə keçirilən tədbirdə MFP-nin bəndlər üzrə icra vəziyyəti barədə məlumatlar verilmiş, müzakirələr aparılmış.
Hesabatı hazırlayan eksper qrupunun rəhbəri, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev cıxışında monitorinqin nəticələrinə əsasən Milli Fəaliyyət Planında (MFP) nəzərdə tutulmuş fəaliyyətlərin orta icra göstəricisi 73% olduğunu qeyd etmişdir. 24 bənd üzrə fəaliyyətlər tam icra edilmiş, 7 bənd üzrə fəaliyyətlər 50%-dən aşağı icra olunmuşdur, 2 bənd üzrə isə fəaliyyətlər icra olunmamışdır. İki istiqamət – “İnformasiya əldə edilməsinin təmin olunması sahəsində tədbirlər” və “Əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması sahəsində tədbirlər” üzrə orta icra göstəricisi 50%-dən aşağı olmuşdur. “Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması sahəsində tədbirlər” üzrə bütün fəaliyyətlər tam icra olunmuşdur. Hesabata dair təqdimatla çıxış edən “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri, layihə eksperti Zaur İbrahimli nəzərəçarpan irəliləyişlər kimi aşağıdakılar qeyd etmişdir:
• Ombudsmana müraciətlər üçün vahid qaynar xəttin yaradılması;
• cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı tədbirlər;
• elektron notariat xidmətlərinin və məhkəmə qərarlarının icrasının elektronlaşdırılması;
• kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması;
• “Ağıllı kənd” layihəsinə start verilməsi (layihə kənd yerlərində bütün dövlət xidmətlərinə çıxışı olan cəlbedici yaşayış şəraiti yaratmaq məqsədi daşıyır);
• yerli icra hakimiyyəti orqanlarında “ASAN müraciət” sisteminin (vətəndaşların dövlət orqanlarına müraciəti üçün rəqəmsal platforma) tətbiqi il bağlı pilot layihənin başladılması;
• ictimai iştirakçılığın genişləndirilməsi və mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şuraların yaradılması prosesinin sürətlənməsi. Tədbirdə iştirak edən dövlət qurumlaırnın nümayəndələri, o cümlədən Korrupsiya ilə mübarizə Komissiyasının katibi Ramin Vəlizadə, ictimai iştirakçılığın vacibliyi, QHT-lərin müxtəlif məsləhətləşmələrə cəlb edilməsini və hesabatın tövsiyyələrini yüksəl qeymətləndirərək işçi qrupuna təşəkkürlərini bildirmişlər. Yekunda iştirakçıların təklifləri dinlənilmiş, dövlət qurumları və ekspertlər tərəfindən onların sualları cavablandırılmışdır.
Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiy Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində həyata keçirilib. Layihə ABŞ-ın FHI 360
təşkilatı, İCNL, MG Consulting tərəfindən Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilir.
Hesabatın tam mətni https://ogp.org.az/az/wp-content/uploads/2023/08/Hesabat-MFP-OGP-NAP-Ecsoft-07-Jan-2021_edited-Az-fv_S.pdf saytından əldə oluna bilər.