İctimai Şuralar vətəndaşlar üçün hansı imkanlar yaradır?

Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələri vətəndaşların ölkənin ictimai-siyasi həyatında, eləcə də dövlətin idarə olunmasında iştirak hüququnu və bu hüququ reallaşdırmağın yollarını özündə ehtiva edir.

Konstitusiyaya görə vətəndaşlar dövlətin idarə edilməsində bilavasitə və seçdiyi nümayndələri vasitəsi ilə iştirak edirlər. Konstitusiyanın 1, 2, 50, 54, 55, 57, 58, 94, 96, 130-cu maddələrində bu hüquq və qaydalar bu və ya digər şəkildə əks olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinə görə hər kəsin istənilən birlik, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud olan birliyə daxil olmaq hüququ vardır. Vətəndaş cəmiyyətini təmsil edən təsisatların qərarların qəbul olunmasında iştirakı, dövlət və özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməsinin hüquqi əsasları müvafiq qanunvericilik aktlarında da əks olunmuşdur.

Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunda göstərilir ki: Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların təkmilləşdirilməsi təklifləri ilə çıxış edə bilər.

Digər qanunvericilik aktlarında da içtimai iştirakçılğın hüququ əsaslarını, forma və qaydalarını müəyyən edən müddəalar vardır. Ölkədə ictimai iştirakçılığın müxtəlif səviyyələri mövcuddur. Son illərdə ən yüksək səviyyə olan birgə qərar qəbul etmə və birgə fəaliyyət modelləri daha çox tətbiq olunmaqdadır.

İctimai iştirakçılıq üçün hüquqi əsaslar yaradan qanunvericilik aktlarından bir də “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikası Qanunu, bu qanunun tətbiqi ilə bağlı Prezident Fərmanı və Nazirlər Kabinetinin 2014-cü ildə qəbul etdiyi 171 və 172 saylı Qərarlarla təsdiq edilmiş əsasnamə və qaydadır.

Qanunun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanuna görə ictimai iştirakçılıq mexanizm və institutlarından biri kimi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan İctimai Şuralardır.

İctimai Şuralar vətəndaş cəmiyyəti institutları (QHT-lər) tərəfindən seçilir və onların nümayəndələrindən formalaşır.

İctimai Şuraların aşağıdakı hüquqları vardır:

Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq;

ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək;

Müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək;

Müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;

İctimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək;

Dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;

İctimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək;

Hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək/

İctimai şuraların qanunla müəyyən edilən statusu və malik olduğu hüquqlar onlara qarşıya qoyulan məqsədə çatmaq üçün hüquqi imkanlar yaradır.

İctimai Şuralar eyni zamanda vətəndaşların müraciətlərinə baxmaq və müvafiq araşdırma aparmaq hüququ da vardır. İctimai Şuraların yaradılması vətəndaşların hüquqlarının təmin edilməsi baxımından daha bir mexanizm kimi nəzərdən keçirilə bilər. Vətəndaşlar İctimai Şuraların potensialından da istifadə edə bilərlər.

Hazırda Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Gəncə şəhər və Bİnəqdi, İsmayıllı rayon icra hakimiyyəti yanında İctimai Şuralar yaradılıb.

Bu İctimai Şuralar haqqında qeyd olunan dövlət qurumları və icra hakimiyyətlərinin rəsmi saytında ətraflı məlumat veirlib. Vətəndaşlar müvafiq sahə üzrə müraciətlərini İctimai Şura üzvləri və sədrinə e-mail, yaxud poçt vasitəsilə göndərə bilərlər.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin həyata keçiridiyi “Mənim hüquqlarım – mənim dövlətim!” layihəsi çərçivəsində dərc olunur.