Vətəndaş Cəmiyyəti İctimai Şura seçkilərinə hazırlanır

İctimai iştirakçılıq və onun formalarından biri olan icra hakimiyyəti orqanlarının yanında vətəndaş cəmiyyəti nümayəndələrindən (VCİ) seçkilər qaydasında yaradılan ictimai şuraların yaradılması və onun fəaliyyətinin gücləndirilməsi aktual məsələlərdəndir. “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planı”na daxil edilməsi yaxın zamanlarda bütün yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasını zərurətə çevirib. Prosesin şəffaf və səmərəli şəkildə aparılması yerli icra hakimiyyəti orqanları ilə bərabər VCİ nümayəndələrindən də asılı oldugundan onların ictimai iştirakçılıq üzrə qanunvericiliyin müddəaları ilə tanış olmaları vacibdir. Əhəmiyyətini nəzərə alaraq regionlarda VCİ nümayəndələrinin təlimləndirilməsinə start verilib. İlk belə təlimlər “İctimai iştirakçılıq və ictimai şuralar” mövzusunda 12, 19 və 26 may 2017-ci il tarixlərdə Göyçay, Quba və Astara rayonlarında keçirilib.

Ekspertlər təlim iştirakçılarına icitmai iştirakçılığın mahiyyəti və əhəmiyyəti, demokratik proseslərə iştirakçılığı təsirləri, forma və üsulları haqqında iştirakçılara ətraflı məlumat veriblər. Yerli və xarici təcrübələrdən misallar gətirməklə iştirakçılığın faydalılığını iştirakçılara inandırmağa səy göstərən ekspertlər iştirakçıları ictimai işlərdə fəal olmağa həvəsləndirməyə çalışıblar.  Yeni təsisat olduğundan ekspertlər ictimai şuralar haqqında daha ətraflı məlumat vermiş, onun təşkili və fəaliyyətinin əsas prinsiplərini iştirakçıların diqqətinə çatdırmışlar.

VCİ nümayəndələrinin iştirakçılıq formaları, xüsusilə ictimai şuralarla bağlı çoxsaylı sualları onların mövzuya maraq nümayiş etdirdiklərini göstərib. Bununla yanaşı iştirakçılar ictimai şuraların yaradılmasında yubanma ilə bağlı narahatlıqlarını da ifadə etməkdən çəkinməyiblər və tezliklə şuraların yaradılmasını arzulayıblar. İştirakçılar mövzu üzrə zəruri məlumata bələdçiliyin ictimai şuralara seçkilərdə və onun işinin səmərəli təşkilində onlara kömək edəcəyini bildiriblər. Bu cür təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir.  Bu layihənin icrası  “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin eksperti Mirəli Hüseynov ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “İctimai idarəetmədə iştirakçılığın təşviqi” adlı xidmət çərçivəsində həyata keçirilir.