Sosial Tədqoqatlar Mərkəzi “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.6-cı yarımbəndinin icrası çərçivəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti qurumlarına metodiki və texniki dəstək göstərəcəkdir.
Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov və Açıq hökumətin təşviqi üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev arasında razılıq əldə edilmişdir. Platformaya daxil olan ixtisaslaşmış qeyri-hökumət təşkilatları öz tədbirlərini təşkil etmək məqsədi ilə Mərkəzin konfrans zallarından və texniki avadanlıqlarından istifadə edə biləcəkdir. Mərkəz həmçinin tədqiqat aparan ixtisaslaşmış QHT-lərə tədqiqatlar sahəsində metodiki təlimatlar verəcəkdir.
Əsasən mərkəzi icra hakimiyyəti orqanları və dövlət adından yaradılmış publik hüquqi şəxslər üzərinə “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi” vəzifəsi qoyulmuşdur.
Sosial Tədqiqatlar Mərkəzinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığı mövcuddur. Mərkəz həmçinin Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə əməkdaşlıq edir. Mərkəz ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi göstərə bilmir. Mərkəzin qrant vermək səlahiyyəti yoxdur və onun adı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların” siyahısına daxil edilməmişdir.
Bununla belə Mərkəz Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına və digər ixtisaslaşmış QHT-lərə texniki dəstək göstərir. Bu təşkilatlar Mərkəzin böyük və kiçik konfrans zallarından, texniki avadanlıqlarından ödənişsiz istifadə edə bilərlər. Mərkəz həmçinin ixtisaslaşmış QHT-lərə təlimlərin təşkili, materiallarla təchizat sahəsində, həmçinin informasiya dəstəyi göstərir, onlara tədqiqat matreallarına çıxış imkanı yaradır və kitabxanadan istifadəyə şərait yaradır.