QHT-lər ictimai nəzarətin təşkilində daha fəal olmalıdırlar

Azərbaycan Açıq Hökumət Platformasının üzvü İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri  İB AR  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsini  icra edir.  Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizə,  şəffaflıq və hesabtlılıq, yaxşı idarəetmə sahəsində ixtisaslaşmış QHT rəhbərləri və ekspertlərindən seriya müsahibələr alınır.

Açıq Hökümət  TV-nin  növbəti müsahibi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin Elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli  oldu.  

 

  • Nədimə xanım  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  korrupsiyaya qarşı mübarizə, Açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi, bu sahələrdə, maarifləndirmə, məlumatlandırma, qeyd edilən sahələrdə QHT-lərin bilik və bacarqılarının artırılmasını hər zaman diqqət vərkəzində saxlayır və prioritet istiqamətlərindən biri kimi bəyan edib. Son 3, yaxud 5 ildə bu istiqamətlər üzrə QHT layihələrinin maliyyələşdirilməsiylə bağlı statistik məlumatlar təqdim etməyinizi xahiş edirik.

Korrupsiyaya qarşı mübarizə,  şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi və qeyd etdiyiniz digər məsələlər Şuranın yarandığı gündən hazırkı vaxta qədər fəaliyyətinin prioritet istiqamətlərindən biri olmuşdur.  Bildirmək istərdim ki,  2016-cı ildə  “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş və QHT-lərə Dövlət Dəstəyi Şurasının üzərinə düşən  tədbirlərin  həyata keçirilməsi ilə bağlı koordinator  vəzifəsini icra etmişəm və  görülən işlər haqqında statistik məlumatları paylaşmadan öncə qeyd edim ki, Şura “Milli Fəliyyət Plan”ından irəli gələn öhdəlikləri yerinə yetirərkən şəffaflıq , hesabatlılıq məsələri Şuranın hır il elan etdiyi müsabiqələrdə əsas mövzu istiqamətləri olmuşdur. 2016 -ci ilə nəzər salsaq,   bu istiqamətdə üç müsabiqə mövzusu olmuşdur ki,  bunlarda şəffaflıq və   institusional  məsələlər, açıq hökümətin təşviqi və  mədən sənayesində  şəffaflığın artırılması,  “Açıq Hökümətin təşviqinə  dair 2016-2018 –ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər üzrə təşəbbüslərdir  ki, ümumilikdə  Şura tərəfindən  27 layihə maliyyələşdirilmişdir.  2017-ci ildə də həm açıq hökümətin təşviqinə dair , həm də ictimai nəsarət və şəffaqlıq məsələlərinə dair  29  layihə Şura tərəfindən dəstəklənmişdir. 2018-ci ilə nəzər yetirsək,  açıq  hökümətin təşviqi üzrə, hasilat sənayesində şəffaqlıq sisteminin  inkişafı, hasilat sənayesində  şəffaflıq prosesləri və  hesabatları barədə geniş ictimaiyyəti məlumatlandırılmasına dair  istiqamətlər üzrə 30 layihəyə maliyə dəstəyi göstərilmişdir.

2019-cu ildə  açıq hökümətin təşviqi və korrupsiyaya  qarşı mübarizə sahəsində tədqiqatların aparılması üzrə 7 QHT layihəsi maliyələşdirilmişdir.  Ümumilikdə isə 2016-2019-cu illər ərzində 67 QHT layihəsinin maliyyələşdirilməsinə 501 min 900 manat maliyyə vəsaiti ayrılmışdır.  Həmçinin qeyd etmək istərdim ki, 2016-2019-cu illərdə  Şura tərəfindən maliyələşən layihələr çərçivəsində 10 min  266 nəfər  bu layihələrdən faydalanmışdır, benefisarı olmuşdur, 1341 təlim olmaqla 8883 müxtəlif növ tədbirlər həyata keçirilmişdir.

Və cari, 2020-ci ildə keçirilən  qrant müsabiqələri üzrə  513 QHT  layihəsi qalib olmuşdur. Onlardan 201 layihə  müxtəlif növ  birdəfəlik yardımlara (ərzaq,  tibbi ləvazimat, noutbuk, planşet və sairə ) yönəlib.  Vurğulamaq istərdim, 2020-ci ildə  digər illərdən fərqli olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqələri birbaşa özü, fərdi qaydada deyil,   müxtəlif dövlət qurumları ilə  həyata keçirdi. Korrupsiyaya qarşı mübarizə  sahəsində  bu ilki müsabiqə Korrupsiya ilə mübarizə üzrə komissiya ilə baş tutdu və  qalib olan 5 layihəyə 46 min 500 manat maliyə vəsaiti ayrıldı.

Lakin Şura bununla da kifayətlənmədi. 2020-ci ilin birinci yarısında qəbul edilən yeni  Milli Fəaliyyət Planına görə Şuranın üzərinə düşən öhdəliklərə əsasən Şura tərəfindən  ilin ikinci yarısında daha iki müsabiqə təşkil olundu. Bu müsabiqələrdən biri Açıq hökümətin təşviqi, digəri isə ictimai nəzarətin təşkili üzrə istiqamətlər  idi.  Açıq hökümətin təşviqi üzrə 10 layihə  seçildi və 90 min maliyə vəsaiti ayrıldı, ikinci istiqamət üzrə 2 layihə  dəstəkləndi və 23 min  manat vəsait ayrılıb.

  • Əvvəlki sualda qeyd olunan istiqamətlər üzrə QHT-lər daha çox hansı fəaliyyətlərə üstünlük verirlər. Bu sahədə hansı aparıcı meylləri müşahidə etmisiniz?

QHT-lər həyata keçirdikləri layihələrdə  əsasən  maarifləndirmə işlərinə  üstünlük verirlər. QHT-lər  müxtəlif sahələrdə maarifləndirmə  işləri həyata keçirirlər. Dövlət qurumlarından fərqli olaraq QHT -lərin  əhatə dairəsi və  potensialı  genişdir. Maarifləndirmə işləri müxtəlif şəkildə aparılır – təlimlərin, tədbirlərin keçirilməsi, metodiki, məlumatlandırma vəsaitlərinin nəşri, sosial çarxların hazırlanması və sairə. Bundan əlavə,  korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan fəaliyyətdirsə , o zaman  vətəndaşlar  arasında rəy sorğusunun aparılması,  tədqiqatların, monitorinqlərin  aparılması kimi maarifləndirmə işləri həyata keçirilir.

Hal- hazırda   ictimai nəzarət istiqaməti üzrə İctimai Şuraların  fəaliyyətinin monitorinqi aparılır və müxtəlif hesabatların hazırlanması da həyata keçirilir.  Bildirim ki, hazırda mərkəzi icra hakimiyyəti  orqanları yanında  on bir  İctimai Şura fəaliyyət göstərir. Həmçinin beynəlxalq təcrübənin araşdırılması və metodik formada nəşri istiqamətində də  QHT tərəfindən işlər görülür.

  • Bilirik ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər bir layihənin həyata keçirilməsini analiz edir, qiymətləndirir. Korrupsiyaya qarşı mübarizə, Açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi sahələrində layihələr icra edən QHT-lərin öz peşəkarlıq səviyyəsi necədir. Son 3 ili müqayisə etsək, peşəkarlıq səviyyəsini, mövcud dinamikanı necə dəyərləndirərdiniz?

 

Bildiyiniz kimi, QHT-lər müxtəlif  sahələr, istiqamətlər   üzrə ixtisaslaşıblar. Korrupsiyaya qarşı mübarizə, Açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi sahələri üzrə  xüsusi ixtisaslaşma   prosesi də  yavaş-yavaş  olsa da gedir.  Belə ki,  bu sahədə  (Korrupsiyaya qarşı mübarizə, Açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi) hər bir QHT iştirak edə bilmir. Çünki  qeyd etdiyiniz sahələr üzrə  müsabiqələrə təqdim olunan layihələrin ilkin mərhələdə  ekspertiza zamanı aydın olur ki, QHT bu istiqaməti üzrə ixtisaslaşıb ya yox.  Qeyd edim ki, artıq müxtəlif  QHT -lər var ki, korrupsiyaya qarşı mübarizə, Açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi  sahəsində peşəkar fəaliyyət göstərirlər.  2016-cı ildə Şuranın təşəbbüsü ilə  ilk olaraq 9 dövlət qurumu və 31 QHT iştirakı ilə Açıq hökümətin təşviqinə dair Hökümət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılmışdır. Və bu illər ərzində  Platformaya üzv olan QHT-lərin sayı artmaqdadır və həmin QHT-lər, hansılar ki,  yüksək potensiala  sahibdilər və korrupsiyaya qarşı mübarizə, Açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi  sahəsində aktiv fəaliyyət göstərirlər, Şuranın adı çəkilən istiqamətləri üzrə elan etdiyi müsabiqələrdə iştirak edirlər.

 

  • Xeyli müddət ki, korrupsiyaya qarşı mübarizə, Açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi sahələrində icra edilən layihələrin icrasında kuratorluq etmisiniz, layihələrə kənardan, “donor gözü” ilə baxmaq imkanınız olub. QHT-lərə nə tövsiyyə edərdiniz?

İlk olaraq qeyd edim ki, kurator olsam da bir başa layihələrin icrasına nəzarət  etməmişəm,  layihələrin idarəedilməsi bölməsinin əməkdaşları nəzarəti həyata keçiriblər. Amma ümumilikdə, əlbətdə ki , problemlər var. Amma  problemlər yalnız açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi sahələrində icra olunan layihələrdə mövcüd deyil, digər istiqamətlərdə də müxtəlif səpgili problemlər olur.

Mən öncədə də vurğuladım ki, açıq hökumət islahatları, ictimai nəzarət, şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsi sahələri spesifik sahələr olduğundan bəzən  layihələrin yazılışında artıq  biz bu problemləri görürük.  Misal üçün, layihədə problemin təsviri ilə bağlı məlumat hansısa mənbədən kopyalanmış məlumatdır, bu isə o deməkdir ki, layihəni təqdim edən QHT bu sahədən, bu məsələdən  xəbərsizdir. Haradansa  məlumat kopyalayıb layihəyə qoymaqla layihənin həyata keçirilməsini istəyir, lakin  ilkin mərhələdə  layihə seleksiyadan keçmir. Digər bir problem layihənin davamlılığın təmin olunmamasıdır, bu problemi bütün sahələrə şamil etmək olar. Məlumdur ki, Şura tərəfindən maliyələşdirilən layihələrin icra müddəti 2-8 aydır.  Layihə bitdikdən sonra QHT bu sahədə  heç bir iş görmür. Və  belə çıxır ki,  bəzi QHT-lər  layihədən layihəyə işlər görür. Amma elə QHT-lər də var ki, heç bir layihə olmadan belə  il boyu işləyirlər.

Və  QHT – lərə əsas tövsiyyəmiz layihələrin davamlığının təmin olunması ilə bağlıdır.  Çünki ictimai nəzarətin təşkili,  korrupsiya qarşı mübarizə məsələlər hər zaman aktualdır və cənab Prezident öz çıxışlarında  da  QHT-ləri,  vətəndaş cəmiyyəti institutlarını çağırır ki, ictimai nəzarəti qorusunlar, ictimai nəzarətin təmin olunmasında bir başa iştirakçı olsunlar. Ona görə də, QHT-ləri səsləyərdik ki, bu sahələrdə  daha çox iş görsünlər. Rast gəldiyimiz daha bir problem benefisar qrupunun düzgün seçilməməsi, icra edilən layihələr  haqqında geniş ictimaiyyətin məlumatlandırılmamasıdır. Və yenə də QHT-lərə tövsiyyə edərdik ki, həyata keçirdikləri layihələrlə bağlı  KİV vasitəsilə  ictimaiyyətə məlumat versinlər.   

 

  • QHT Şurası özü bir dövlət qurumu kimi şəffaflıq və hesabatlılığın təmin olunmasında hansı addımlar atır?

 

Azərbaycan Respublikası Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurası  yarandığı ilk gündən etibarən  əsas prinsiplərindən biri şəffaflığın tam qorunması olmuşdur və bu istiqamətdə də  hər dövrün  tələbinə uyğun olaraq  hər il müxtəlif istiqamətlərdə  tədbirlər həyata keçirmişdir.  Şuranın şəffaqlığın təmin edilməsi ilə bağlı bir misal gətirim.  2019 –cu ildə SƏLİS sistemi yaradıldı və tam əminliklə deyə bilərəm ki, QHT sahəsində   Azərbaycan brendi oldu.  QHT ilə qurum arasında  heç bir canlı təmasın olmaması və obyektivliyin, şəffaflığın tam qorunmasını təmin edən bir sistem ilk dəfə olaraq Azərbaycanda  QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən tətbiq olundu.  SƏLİS-in yaranmasından bir il keçməsinə baxmayaraq sistem özünü tam doğruldub. SƏLİS  həm neqativ amillərin yaranmasının qarşını aldı, həm də əlçatanlığı , rahatlığı təmin etdi. Beləki respublikanın müxtəlif yerlərində QHT-lər fəaliyyət göstərir və onların paytaxta gəlib-getmələri vaxt alırdı, maddi xərclərə yol açırdı və sairə  problemlər  yaradırdı. SƏLİS yaradıldıqda isə bu məsələlər aradan qaldırıldı. QHT- lər tam elektron şəkildə müsabiqələrə müraciət edə bilirlər, layihələrini göndərə bilirlər. 2020-ci ildən isə hətta müqavilələrini də elektron şəkildə bağlaya bilirlər.

Hazırda layihələrin yekun dövrüdür   və QHT-lər həyata keçirdikləri layihələrin maliyyə və  yekun aktlarını da elektron şəkildə bağlanır. Bundan başqa SƏLİS-in yaradılması QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin əməkdaşları ilə QHT-lər arasında aparılan  bütün yazışmalar elektron olaraq sistemləşdirildi və nəzarət həyata keçirildi.  Hesabatlılığın təmin olunmasə məqsədilə də Şuranın rəsmi internet saytında  “Hesabatlar” bölümü var ki, burada  Şuranın dövrlər üzrə, illik fəaliyyəti barəsində hesabatlar yer alır.

Şura  təxminən 20 yaxın Dövlət proqramlarının, Milli Fəaliyyət Planın iştirakçısıdır  və saytda olan “Dövlət Proqramları” bölməsində fəaliyyəti barəsində hesabatlar yer alır. Maliyyə şəffaflığının təmin olunması üçün  yenə də internet saytında Şura Katibliyin büdcəsi və büdcə bölgüsü ilə bağlı məlumatlar  var. Şura bununla da kifayətlənmir, ən azı ildə bir dəfə geniş ictimaiyyətə , KİV-ə  ötən il ərzində gördüyü işlər barəsində hesabat tədbiri həyata keçirir.  Şikayətlər və təkliflərlə bağlı  2016-cı ildə Şura “1672” nömrəli Qaynar xətti istifadəyə verdi.  Xüsusi olaraq qeyd etmək istərdim ki, SƏLİS sistemi sayəsində COVİD-19 pandemiyası dövründə  QHT-lərə Dövlət Dəstəyi Şurasının fəliyyətini təşkil edə bildik.

Bu dönəmdə QHT-lərin də fəaliyyəti təqdirəlayiq fəaliyyət göstərdilər. QHT-lər ictimai nəzarət, maarifləndirmə işlərini  həyata keçirdilər. QHT-lər layihə çərçivəsində nəzərdə tutulan, lakin karantin rejiminə görə  keçirilməsi mümkün olmayan kütləvi tədbirlərə ayrılmış vəsaitlərə pandemiyadan zərərçəkən ailələrə  ərzaq yardımların, tibbi maska və spirtlərin və sairə  yardımların  paylanılmasını  həyata keçirdilər. Birdəfəlik ərzaq yardımlarının göstərilməsi zamanı da şəffaflığın təmin olunması məqsədilə Şura qərar qəbul etdi ki, bu yardımların da  paylanılması  poşt vasitəsilə həyata keçirilsin.Daha sonra  qutularda paylanılan ərzaq yardımlarını ərzaq kuponları   formasında  göstərilməsinə qərar verildi. Çünki ərzaq qutularının hazırlanması, daşınması maliyyə resursu tələb edir, artıq xərclərin qarşısı alınması üçün  və həmin xərclərə sərf olunan maliyyə vəsaitinə daha çox insan yardım göstərilməsi məqsədilə də məhz ərzaq kuponu şəklində birdəfəlik ərzaq yardımları  həyata keçirildi.