Hafiz Həsənov: “Ümid edirəm ki, yeni Açıq Hökumət Milli Fəaliyyət Planında əks olunan tədbirlər vətəndaşların müraciətlərinə baxılmasında mövcüd olan problemlərin aradan qaldırılmasına yardımçı olacaq”
Vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılması böyük əhəmiyyətə malikdir. Müraciət hüququ əsas hüquqlardan biri kimi Konstitusiyanın 57-ci maddəsində nəzərdə tutulmuşdur. Burada göstərilir ki, vətəndaşlar dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır və hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Həmçinin, Konsitusiyanın 60-cı maddəsi ilə müraciət hüququnun digər hüquqlar kimi inzibati qaydada və məhkəmədə müdafiəsi hüquqi təminat verilir. Bu maddəyə görə, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinləmək, dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət vermək hüquqları vardır. Bu maddə ilə habelə, müraciət hüququnun müdafiəsi üzrə hər kəsin işinə qərərsız yanaşılmasına, inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılmasına konstitusion təminat verilir.
Müraciət hüququnun gözlənilməsini və qoruması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları vəzifəsi kimi müəyyən olunub
Vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyət, mövcud problemlər, vətəndaş cəmiyyətinin təklifləri, Açıq Hökumət islahatlarının bu sahədə rolu ilə bağlı Azərbaycan Açıq Hökumət Platformasının üzvü “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovla müzakirə apardıq. H.Həsənov Konstitusiyanın 71-ci maddəsi digər hüquqlar kimi müraciət hüququnun gözlənilməsini və qorumasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları vəzifəsi kimi müəyyən etməsinə diqqət çəkir: “Burada həmçinin, “Hüquq və azadlıqların həyata keçirilməsinin heç kəs tərəfindən məhdudlaşdıra bilməməsi” qadağası qoyulmuşdur. Müraciət hüququnun həyata keçirilməsi müvafiq qanunvercilik aktları ilə nizama salınır. Bu sırada başlıca qanunvericilik aktı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanundur və Konstitusiyanın 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı”nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilmişdir”.
Hafiz Həsənovun sözlərinə görə, vətəndaş müraciətlərinə fundamental insan hüquqlarına dair məsələ olduğundan bu sahədə olan problemlərin həlli üçün müvafiq işlər görülməlidir: “Azərbaycanda vətəndaşların müraciətlərinə baxılmasında çox ciddi problemlər mövcuddur. Vətəndaşların müraciətləri dedikdə ərizə, müraciət, şikayət, təkliflərin verilməsi və qəbulların keçirilməsi nəzərdə tutulur. Ərizə və müraciətlərə baxılmasında başdansovdu, səhlənkar yanaşma, məmur məsuliyyətsizliyi var. Əsasən şikayətlərə baxılması sahəsində müəyyən edilən ciddi problemlər həllini gözləməkdədir. Ötən il rəhbərlik etdiyim “Hüquq və İnkişaf” İctimai Birliyi “LD Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (German Marşall Fondunun layihəsi) dəstəyi ilə “Vətəndaşların müraciətlərinə baxılması sahəsində dövlət orqanlarının hesabatlılığının artırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dəstək” layihəsini həyata keçirib. Layihə çərçivəsində Azərbaycanın 7 regionunda və 4 dövlət qurumunda monitorinqlər aparılıb”.
Şikayətlərin öyrənilməsi ilə bağlı ciddi problemlər var
O, qeyd edib ki, İctimai Birlik vətəndaşların müraciətlərinə baxılmasını öyrənmək üçün müsahibələr aparıb, dövlət qurumlarında monitorinqlər keçirib, medianı izləyib. “Monitorinqlərimiz göstərdi ki, bütün dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi, şikayətlərin öyrənilməsi ilə bağlı ciddi problemlər var. Belə ki, müraciətlərə vaxtında, bir çox hallarda təyinatı üzrə və hərtərəfli baxılmır. Müraciətlərə başdansovdu cavablar verilir. Şikayət hansı qurumdan, hansı vəzifəli şəxsdən verilirsə, məhz araşdırlması üçün həmin quruma və vəzifəli şəxsə göndərilir. Demək olar ki, bütün yüksək icra hakimiyyəti orqanlarında qəbullar birinci şəxs və onun müavinləri səviyyəsində aparılmır. Belə baxış var ki, Bakıda nazirlər, nazir müavinləri, komitə sədrləri, onların müavinləri qəbul keçirmir. Prezidentin göstərişi ilə 2013-cü ildən qəbullar regionlarda keçirilir. Monitorinqlər göstərir ki, bu qəbulların özü də bir sıra hallarda formal xarakter daşıyır. Burada da arzuolunmaz vətəndaşlar qəbullara buraxılmır. Həm də qəbulların müddəti olduqca azdır, şikayətlərə mahiyyəti üzrə baxılmır. Ayda bir-iki saat müddətində qəbul keçirmək, həm də formal qəbul keçirmək qəbuledilməzdir. Hətta şöbə müdirlərinin, idarə rəhbərlərinin qəbullarının müddəti azdır”.
Daha sərt sanksiyalar olmalıdır
Hafiz Həsənovun fikrincə, vətəndaş müraciətlərinə baxılması çərçivəsində qanunvericiliyin pozulmasına görə daha sərt sanksiyaların müəyyənləşdirilməsinə ehtiyac var: “Vəzifəli şəxslərə xəbərdarlıq edilməsi və ya onların 100 manat məbləğində, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə olunmasını nəzərdə tutan yeni maddənin İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi yetərli deyil. Bu sanksiyalar qanunvericiliyin pozulmasına görə kommersiya və QHT-lər üçün nəzərdə tutulan 3 sanksiyalardan dəfələrlə azdır. Sanksiyaların məbləğinin az olması isə ciddi məsuliyyət tədbiri kimi yetərli deyil. Qanunvericilikdə məmur məsuliyyətsizliyinin aradan qaldırılması üçün konkret tələblər olmalıdır. Müraciətlərə, şikayətlərə baxılmaması ilə bağlı məmurların və dövlət qurumlarının məsuliyyəti sərtləşdirilməlidir. İnzibati məsuliyyət vəzifəli şəxslər üçün 2500 manat, dövlət qurumları üçün 5000 manat cərimə nəzərdə tutmalıdır. İctimai nəzarətin gücləndirilməsi vacibdir”.
Hüquq və İnkişaf” İctimai Birliyi sədri həmçinin vurğuladı ki, ötən il aparılan monitorinqin nəticələrinə əsasən hesabat hazırlanıb hökümətə təqdim olunmuşdu və həmin hesabatda qanunvericiliyin təkmilləşdirilməsi,vətəndaşların müraciətlərinə baxılması təcrübəsinin təkmilləşdirilməsi, onlayn qəbullarla , elektron müraciətlərlə və sairə məsələlərlə bağlı təkliflər yer almışdı: “Lakin bu sahədə ciddi dönüş müşahidə olunmayıb. Əksinə pandemiya dönəmində və müharibə şəraitində məmurlar tərəfindən bu vəziyyət sui isitifadə olunur. Xüsusilə Nazirlər Kabinetinin qərarına əsasən müvafiq dövlət qurumlarına, məhkəmələrə vətəndaşların yazılı müraciətlərin birbaşa qəbulu prosesi dayandırılması, yalnız poçt vasitəsilə həyata keçirilməsi müraciətlərin baxılmasında ciddi problemlər yaradır, vətəndaşların şəxsən deyil, onlayn şəkildə keçirilməsi də müraciətlərin baxılması prosesini ləngidir. Çünki dövlət qurumlarının vebsaytlarında onlayn qəbul qaydaları və qrafiki ilə bağlı məlumat yoxdu, müraciətlərin mahiyyəti üzrə baxılmaması, müraciətlərin qeydə alınmaması da problem olaraq qalmaqdadır. Ciddi problemlərdən biri də vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərə göndərilməsidir, halbuki Qanun bunu qadağan edir. Belə olduğu halda vətəndaşların təkrar müraciətlərin sayının əhəmiyyətli şəkildə artması ilə nəticələnir”.
Əhəmiyyətli yeniliklər olacaq
Son olaraq o, bildirdi ki, vətəndaş müraciətləri sahəsində mövcüd vəziyyətin müsbətə doğru dəyişməsi üçün Yeni Milli Fəaliyyət Planında müəyyən tədbirlər öz əksini tapıb. “Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən“161 – qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, vahid elektron müraciət portalının (161.az) yaradılması, dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciətlər üçün vahid qaynar xəttin yaradılması, hansı ki, bu ilin sonuna kimi başa çatdırmaq nəzərdə tutulur. Qeyd etdiyim bu məsələlər vətəndaş müraciətlərinin baxılması sahəsinin daha da yaxşılaşmasına böyük tövhə verəcək”.
Bu məqalə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsi çərçivəsində hazırlanıb və dərc edilir.