“Nikbinliyimiz Prezidentin qətiyyətli mövqeyinə əsaslanır”

Əliməmməd Nuriyev: “Açıq Hökumət Platforması islahat qərarları üçün ictimai etimad mühiti və real zəminlər yaradılmasına çalışır”


Açıq Hökumət Platformasının koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevlə  Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü ilə bağlı görülən işlər, Platformanın fəaliyyəti ilə bağlı söhbətləşmişik.

– Əliməmməd müəllim, Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (Open Government Partnership) artıq geniş vüsət alıb və əsas qlobal əməkdaşlıq platformalarından birinə çevrilib.  Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün mahiyyətini sadə vətəndaşlarımıza necə izah edərdiniz? Onlar üçün hansı fayda verir?

–  Biz çalışırıq ki, mütəmadi olaraq Açıq Hökumət  Tərəfdaşlığı  Təşəbbüsü ilə bağlı cəmiyyəti maarifləndirək. Azərbaycan hökuməti 2011-ci ilin sentyabrında Açıq Hökumət Təşəbbüsünə qoşulub. Məqsəd şəffaflığın artırılması və Açıq Hökumət sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübə mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır. Hökumət Açıq Hökumət Təşəbbüsünə qoşulmaqla Açıq Hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə  qoşulmaq  niyyətini  bildirib.

2011-ci ilin sentyabrında isə “Açıq Hökumət İdarəçiliyi Haqqında Bəyannamə” dərc olunub. BMT-nin 66-cı sessiyasında rəsmi olaraq bu təşəbbüs qəbul olunub.

Bunu Qlobal İslahatlar Hərəkatı da adlandırırlar. Hazırda beynəlxalq Açıq Hökumət Təşəbbüsü (Open Government Partnership (OGP)) 9 ildir ki, 4500-dən artıq islahatlar, öhdəliklər və 250-dən çox fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi üçün 78 hökumətlə işləyir. Azərbaycan da bu prosesə ilk qoşulanlardandır.

Təşəbbüsə qoşulandan dərhal sonra biz növbəti ildə sentyabrın 5-də Açıq Hökumətlə bağlı Milli Fəaliyyət Planı qəbul etdik. Bu plan 2012-2015-ci illəri əhatə edirdi. Daha sonra 2016-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planı qəbul və icra edildi. Bu il 27 fevralda isə 2020-2022-ci illəri əhatə edən Milli Fəaliyyət Planı təsdiqləndi.

Konkret vətəndaşlara gəldikdə isə Açıq hökumət islahatlarının mərkəzində məhz vətəndaşların mənafeləri durur. Onların qərarların qəbuluna fəal cəlb edilməsi, informasiyaya, dövlət xidmətlərinə çıxışının asanlaşdırılması, vətəndaşlara xidmət üçün innovativ həllərin tətbiqi, hökumətin daha şəffaf, hesabatlı olması bu islahatların əsas hədəfi və nəticələri kimi nəzərdən keçirilir.

– Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı nə vəd edir? Gözləntiləriniz  nədir?

 

Bu Plan Korruspiayaya Qarşı Mübarizə Komissiyasının təşkilatçılığı ilə dövlət qurumları və Azərbaycan Açıq Hökumət Platformasının əməkdaşlığı nəticəsində hazırlandı. Birgə İşçi Qrup yaradıldı və 2018-2019-cu illər ərəzində iş aparıldı. Əsas məsələ o idi ki, bu Milli Fəaliyyət Planında real icra oluna bilən tədbirlər nəzərdə tutulsun. Çünki çox nəhəng tədbirlər planlaşdırıla bilər, lakin icrası qeyri-mümkün olar. Ona görə də optimal yanaşma ortaya qoyulmalı idi.

Yeni plan çox böyük potensiala malikdir. Bu planın icrası islahatlar proqramının aktuallığını təmin etməyə kömək edəcək, vətəndaşlar, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açacaq. Xüsusən şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, benefisiar sahibtliklə bağlı məlumatların açıqlanması,   vətətəndaşların idarəetməyə cəlb olunması istiqamətində yeni irəliləyişlər əldə etməyə imkan verəcək. Bu plana vətəndaş cəmiyyəti üçün əlverişli hüquqi mühit yaradılması ilə bağlı konkret tədbirlər də nəzərdə tutulub. COVİD-19 pandemiyası, Azərbaycanın Ermənistanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və işğal olunmuş ərazilərimizin azad olunması uğrunda apardığı Vətən müharibəsi, hərbi vəziyyətin elan olunması bir sıra tədbirlərin icrasını ləngidir. Biz obyektiv çətinlikləri başa düşürük.

Bu planın uğurla icrası xeyli dərəcədə vətəndaş cəmiyyətinin fəal mövqe tutmasından da asılı olacaq. Vətəndaş cəmiyyəti institutlarının islahatları gündəlikdə saxlaması, müvafiq dövlət qurumlarını müstəqil dəyərləndirmə ilə təmin etməsi və AHT təşəbbüsləri üçün vacib olan ictimai etimad mühitinin yaradılması istiqamətində təşəbbüsləri çox mühüm əhəmiyyətə malikdir.

Qeyd edim ki, bu Plan hazırlanarkən müstəqil ekspertlər, üzv olmayan QHT-lər də Platformaya dəstək verdilər.

Açıq Hökumət Platforması və üzvləri  artıq Milli Fəaliyyət Planında  bir sıra tədbirlərin icrası ilə bağlı dövlət orqanlarına yardım göstərmək məqsədilə layihələr həyata keçirməyə başlayıblar.  Konkret olaraq bu dövlət qurumları və publik hüquqi şəxslər, dövlət şirkətləri yanında ictimai Şuraların yaradılmasıyla bağlıdır. Platforma ekspert və konsultasiya dəstəyi verir. Həmçinin, artıq fəaliyyət göstərən İctimai Şuraların üzvlərinə təlimlər keçiriləcək.

Ən vacib istiqamət vətəndaş cəmiyyəti ilə bağlı mühitin yaxşılaşdırılmasıdır. Platforma artıq hökumət rəsmiləri ilə müzakirələr aparıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu prosesə fəal dəstək verir. Platformanın təkliflərinə yenidən baxılıb, təkmilləşdirilib və təqdim edilib. Hazırda Platforma QHt-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə QHT-lərin fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı xarici təcrübəni öyrənir və mübafiq hesabat, tövsiyyələr hazırlanacaq.

Platforma informasiya açıqlığı sahəsində də layihələr icra edir, bu istiqamətdə layihələrə dəstək verir.

Əsas işimiz təbii ki, Milli Fəaliyyət planının monitoriniqi, bütün maraqlı tərəfləri müstəqil dəyərləndirmə ilə təmin etmək, tövisyyələr vermək, ictimai iştirakçılığın genişlənməsinə nail olmaqdır.

Bu baxımdan nikbinik, buna ciddi əsasımız da var. Belə ki, bu nikbinliyimiz Prezident İlahm Əliyevin ardıcıl olaraq dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq problemlərini qaldırması və bunu həlli üçün qərarların qəbulunu vurğulamasına əsaslanır. Birmənalı şəkildə qeyd edə bilərik ki, dövlət başçısı bu məsələlərdə qətiyyətli mövqe sərgiləyir, Əminik ki,  Azərbaycan Ordusunun Vətən müharibsində qələbəsindən sonra bu qətiyyətli mövqe konkret qərar və təşəbbüslərlə praktikada  özünü biruzə verəcək. Açıq Hökumət Platforması bu cür qərərların ictimai etimad və real zəminlər yaradılması üçün çalışır.

Bu məqalə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri  İB-nin  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Açıq Hökumətin  Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsi çərçivəsində hazırlanıb və dərc edilir.