Mirəli Hüseynov : “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı vətəndaş cəmiyyətinin problemlərinin həllinə əhəmiyyətli töhfə verə bilər
Vətəndaş cəmiyyəti institutlarının formalaşmasında qeyri-hökumət təşkilatları mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, orada mövcud olan başqa qurumlarla ümumi xüsusiyyətlərin daşıyıcısına çevrilirlər. Azərbaycanda QHT-lərin fəaliyyəti əsas etibarilə 2000-ci il 13 iyun tarixində qəbul edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunla tənzimlənir. 2013-cü ilin 17 dekabr tarixində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı bir sıra qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində bu sahədə bir sıra problemlər yarandı.
Azərbaycanda QHT-lərin problemləri ilə məşğul olan mütəxəssis, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynovun sözlərinə görə , 2013-cü ilədək vətəndaş cəmiyyətinin inkişafında dinamika əsasən yüksələn xətt üzrə davam edib.
“Epizodik istisnalarla vətəndaş cəmiyyətinin (VC) fəaliyyətinə məhdudiyyətlər yarada biləcək ciddi problemlər yox idi. Ölkədə vətəndaş cəmiyyətinin n inkişaf vəziyyətini şərti olaraq 2 mərhələyə bölmək olar: 2013-cü ilədək və 2013-cü ildən sonrakı mərhələ. Əsas problem qeydiyyat məsələsində özündə göstərirdi. Qeyri-rəsmi məlumatlara görə həmin dövrdə 1000-dək qeydiyyatı olmayan QHT-nin olması ilə bağlı iddialar vardır. Lakin qeydiyyatın olmamasına baxmayaraq bu QHT-lər də fəaliyyət göstərə bilirdilər. Onların da xarici malyyəyə çıxışı vardır və bu onlara fəaliyyət göstərə bilmək imkanı verirdi. VC xarici fondlara çıxışa və maliyyəyə sərbəst sərəncam vermək hüququna malik idi. Bu onların müstəqilliyinin və səmərəli fəaliyyətinin əsas şərtlərindən idi. Bundan başqa fəaliyyətlərin təşkilində və həyata keçirilməsində, o cümlədən benefisiarlarla əlaqələrin qurulmasında xeyli sərbəstlik var idi”,- o, bildirdi.
M.Hüseyniv qeyd etdi ki, 2013 və 2014-cü illərdə qanunvericiliyə VC-nin fəaliyyət mühitini əhəmiyyətli dərəcədə pisləşdirən əlavələr və dəyişikliklər edildi.
O, mövcud vəziyyətdən çıxış yolundan danışdı: “Mövcud problemlərin mənşəyi VC ilə hakimiyyət arasında etimadın lazımi səviyyədə olmamasından qaynaqlanmışdır. Buna görə də problemin həlli üçün ilkin növbədə tərəflər arasında etimadın formalaşmasına nail olmaq lazımdır. Əlbəttə, belə bir etimadın formalaşması üçün hər iki tərəfin bunu istəməsi və buna səy göstərməsi çox vacibdir. Fikrimcə, VC-nin qapadılmasının ağır nəticələrindən çıxarılan dərslər, mövcud problemlərin həllində VC-nə olan ehtiyac və ölkəmizin indiki ağır vəziyyəti belə bir əməkdaşlığı mümkün və zəruri edir.
Hazırda tərəflər arasında etimadın formalaşması və əməkdaşlıq üçün əlverişli fürsət yaranmışdır. Belə ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na vacib hesab etdiyimiz 2 problemin həllini nəzərdə tutan tədbirlər daxil edilmişdir:
- MFP-nin 5.2. bəndi: Qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatının sadələşdirilməsi, elektronlaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması və qəbul edilməsi – 2020 -2021
- MFP-nin 5.3. bəndi: Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması prosedurlarının sadələşdirilməsi, elektronlaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması və qəbul edilməsi – 2020 -2021
MFP-yə qeyd edilən məsələlərin daxil edilməsi tərəflərə əməkdaşlıq üçün yaxşı fürsətlər yaradır. Qanunvericiliyə təklif ediləcək əlavə və dəyişikliklərin arzuolunan şəkildə olması üçün VC-nin bu prosedə yaxından iştirakı vacibdir. Bunun üçün aşağıdakı addımların atılmasını təklif edirik:
a) VC adından hökumətə əməkdaşlığa çağırış və qanunvericiliyə qeyd edilən məsələlər üzrə əlavələrin və dəyişiklərin hazırlanması prosesində iştirak marağını ifadə edən müraciət edilsin;
b) bu məsələdə və ümumiyyətlə əməkdaşlıq mühitinin formalaşmasında Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının imkanlarından istifadə edilsin”.
Bu məqalə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsi çərçivəsində hazırlanıb və dərc edilir.