12 iyul 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib
İclasda AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəhbəri Kamal Cəfərov, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, həmçinin QHT nümayəndələri iştirak ediblər.
İclasda Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması prosesi çərçivəsində dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi ilə əlaqədar məsələlər müzakirə edilib.
Dövlət orqanlarından daxil olan təkliflər ətrafında fikir mübadiləsi aparılıb, QHT təmsilçiləri öz qeydlərini ifadə ediblər.
Vətəndaş cəmiyyəti təmsilçiləri müzakirə olunan məsələlərlə bağlı öz təkliflərini səsləndiriblər. “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov şəffaflıq və hesabatlığının təmin olunmamasıyla bağlı məsuliyyət müəyyən edilməsini, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz, Açıq Hökumət Platformasının koordintoru Əliməmməd Nuriyev, OGP eksperti Samir Əliyev elektron xidmətlərin təkmilləşdirilməsi, dövlət orqanlarının məlumat bazaları arasında inteqrasiyanın, elektron identifikasiya vasitələrinin əlçatanlığının təmin edilməsi, elektron vətəndaş iştirakçılığı alətlərinin tətbiqinin genişləndirilməsi barədə təkliflərlə çıxış ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiylar üzrə Dövlət Agentliyinin əməkdaşları təkliflərlə bağlı rəylərini bildiriblər.
AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəhbəri Kamal Cəfərovun təşəbbüsü ilə bir daha Milli Fəaliyyət Planı layihəsinin hazırlanmasıyla bağlı bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi, təkliflərin toplanması, ictimai məlumatlandırma, vətəndaşların cəlb edilməsi məsələləri müzakirə edilib, vətəndaş cəmiyyəti təmsilçilərinin təklifləri dinlənilib. Bu istiqamətdə konkret addımlar atılmasıyla bağlı qərar verilib.
Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun növbəti toplantısı 19 iyul 2019-cu il tarixdə saat 15.00-da Dövlət Miqrasiya Xidmətində keçiriləcək. Növbəti toplantıda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühit yaradılması, təhsil sektoru ilə əlaqədar təkliflər müzakirə ediləcək.
Maraq göstərən QHT-lər, müstəqil ekspertlər, vətəndaşlar office@ogp.org.az e-mail ünvanına yazmaqla 18 iyul 2019-cu il saat 13.00-dək iştiraklarını təsdiq edərək müzakirələrdə iştirak edə bilərlər.