Dövlət orqanlarında “Asan xidmət” standartları necə tətbiq olunur?

 “Asan xidmət” mərkəzlərində  rəhbər tutulan standartların dövlət orqanlarının xidmət mərkəzlərində tətbiqi vəziyyəti  ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 8.6-cı bəndinə əsasən, “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı müvafiq tədbirlər  həyata keçirilməlidir.  Azərbaycan Açıq Hökumət Platformasının üzvü “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin eksperti Rəna Səfərəliyeva tərəfindən sözügedən bəndlə nəzərdə tutulan tədbirlərin icrası vəziyyətinin  öyrənilməsi üçün monitorinq aparılıb.

Monitorinqin keçirilməsində məqsəd dövlət qurumlarının xidmət mərkəzlərində “ASAN xidmət”in fəaliyyət prinsiplərinin tətbiqi ilə bağlı gerçək vəziyyəti öyrənmək və xidmət mərkəzlərinin fəaliyyətini daha da gücləndirmək üçün tövsiyyələr hazırlamaqdır.

Monitorinq  6 dövlət qurumunu (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC,  Mərkəzi Poçt Şöbəsi nəzdində 1 saylı Şəbəkə Rabitə Xidmətləri Mərkəzi, Əmlak Məsələləri üzrə  Dövlət Komitəsi  Daşınmaz Əmlakın Dövlət Reyestri  Xidməti   Bakı Şəhər Ərazi İdarəsi,  Ədliyyə Nazirliyi  Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat  şöbəsi,  Vergilər Nazirliyi  Nəsimi Rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi,  Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi  İnformasiya Təminatı Sektoru,  Dövlət Gömrük Komitəsi  Bakı Baş Gömrük İdarəsi) əhatə edib.

Monitoriqn nəticələrinə əsasən Monitorinq Hesabatı hazırlanıb.  Azərbaycan Açıq Hökumət Platformasnın Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirində nəticələri  açıqlayan  R.Səfərəliyeva bildirib ki, “hesabat 6 dövlət qurumunun xidmət mərkəzlərinin fəaliyyətinin şəffaflıq, rahatlıq, operativlik, nəzakətlilik, məsuliyyət, vətəndaş məmnuniyyəti meyarları əsasında monitorinqinin nəticələrini açıqlayır və xidmət mərkəzlərinə daha da “asan” xidmət göstərmələri üçün ümumi və xüsusi tövsiyələr təqdim edir. Xüsusilə də ictimai xidmətlərin əhaliyə çatdırılması zamanı müxtəlif dövlət qurumları arasında mövcud olan qarşılıqlı əlaqələrin vəziyyətinə ayrıca diqqət yetirilir”.

Nəticələrə əsasən xidmət mərkəzlərinin əla nəticə göstərdiyi meyarlar nəzakətlilik, daha sonra məsuliyyətrahatlıqoperativlik müəyyən olunmuşdur.  Şəffaflıq meyarı üzrə nəticələri orta səviyyədə qiymətləndirmək mümkündür. Vətəndaş məmnuniyyəti meyarı ilə bağlı nəticələr isə aşağı olmuşdur. Bu nəticələrdən belə qənaətə gəlmək mümkündür ki, monitorinqə cəlb edilmiş xidmət mərkəzləri şəffaflığı təmin edən mexanizmləri təmin etməli, ən əsası isə, vətəndaş məmnuniyyətini öyrənən mexanizmləri tətbiq etməlidir.

Xüsusilə qeyd edilməlidir ki, 2017-ci ilin monitorinqinin nəticələri ilə müqasiyədə 2018-ci ildə ciddi irəliləyiş müşahidə olunur. Bütün meyarlar üzrə ortalama 10% irəliləyiş baş vermişdir ki, rahatlıq meyarında bu göstərici 20%-dən də yüksək olmuşdur.

Təqdimatdan sonra müzakirələrdə səslənən fikirlərə münasibət bildirən  R.Səfərəliyeva sualları cavablandırıb və monitorinqin aparılmasında verdiyi dəstəyə görə  Azərbaycan  Açıq Hökumət Platformasına təşəkkür edib.

Monitorinq Hesabatı ilə buradan tanış olmaq olar.