Azərbaycan Açıq Hökumət Platformasına yeni üzvlər qəbul edilib

Azərbaycan Açıq Hökumət Platforması 2018-ci ilin yekunlarını müzakirə edib,  2019-cu il üçün qarşıda duran vəzifələr və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.  Platformaya yeni üzvlər qəbul edilib.

 Toplantıda Platformanın koordinatoru Əliməmməd Nuriyev 2018-ci ildə görülən işlər barədə məlumat verib. Gömrük orqanlarının fəaliyyətində, daşınmaz əmlakın  qeydiyyatı sahəsində şəffaflıq və hesabatlılıq məsələlərinə həsr olunan, Əmlak Məsələləri Dövlət Komitəsi  və Gömrük Komitəsi ilə birgə keçirilən tədbirləri xüsusi qeyd edən Ə.Nuriyev bildirib ki, bu təşəbbüslər ictimai iştirakçılığın genişlənməsinə töhfə verib. O, Hesablama Palatası ilə qurumun fəaliyyətini tənzimləyən yeni qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsini də əməkdaşlığın və tərəfdaşlığın müsbət nümunəsi kimi vurğulayıb. Ə.Nuriyev Platforma ilə əməkdşalıqda Avropa İttifaqının dəstəklədiyi  və “Tərəqqi” Sosial Araşdırmalar İB tərəfindən icra olunan layihə çərçivəsində QHT-lərin üzləşdikləri çətinliklərin müzakirəsinə həsr olunan 4 dəyirmi masa müzakirələrinin həm vətəndaş cəmiyyəti, həm də müvafiq dövlət qurumları üçün faydalı olduğunu bildirib.

Ə.Nuriyev Azərbaycanın üzvlüyü ilə bağlı  Beynəlxalq Açıq Hökumət Təşəbbüsünün İdarə Heyəti ilə aparılan müzakirələrdə Platformanın iştirakı barədə məlumatları və irəli sürdüyü təklifləri də diqqətə çatdırıb: “Platforma olaraq Azərbaycanın təşəbbüsdə qalmasına çalışırdıq. Bununla əlaqədar, həm  hökumət, həm də Beynəlxalq Açıq Hökumət Təşəbbüsünün İdarə Heyəti ilə müzakirələrdə iştirak etdik. Azərbaycanın üzv kimi qalmaqda davam etməsi və yeni tövsiyyələrin verilməsi barədə  Beynəlxalq Açıq Hökumət Təşəbbüsünün İdarə Heyətinin qərarı  düzgün addım oldu. Beynəlxalq Açıq Hökumət Təşəbbüsünün İdarə Heyətinin bununla bağlı açıqlamasında Platformanın fəaliyyəti yüksək qiymətəndirilib və bu da müsbət məqam kimi vurğulanmalıdır”.

Ə.Nuriyev qeyd edib ki,  2019-cu ildə Platforma Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması və OGP tövsiyyələrinin icrasına fokuslanacaq.

Platforma üzvləri 2019-ci il üçün tədbirlər barədə öz fikirlərini açıqlayıblar.

Müzakirələrdən sonra Platformaya yeni üzvlərin qəbulu məsələsinə baxılıb.  Platforma koordinatorunun təqdimatı ilə müraciət edən QHT-lərin sədrləri təşkilatların fəaliyyəti barədə ətraflı məlumat veriblər və sualları cavablandırıblar. Hər bir təşkilatın üzvlüyü ilə bağlı ayrıca səsvermə keçirilib. “Tərəqqi” Sosial Araşdırmalar İB,  “İnformasiya Təşəbbüslərinə Dəstək” İB,  Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İB, “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İB, İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq İB, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda”  İB  Platformaya üzv qəbul ediliblər.

Beləliklə, Azərbaycan Açıq Hökumət Platformaısına üzv QHT-lərin sayı 44-ə çatıb. Hazırda Azərbaycan Açıq Hökumət Platforması  10 dövlət qurumunu, parlament təmsilçisini  və 44 QHT-ni birləşdirir.

Yeni üzvləri təbrik edən Platforma koordinatoru bəyan edib ki, Platforma açıqdır və bütün müraciətlərə diqqətlə yanaşılır.

Toplantıda “Tərəqqi” Sosial Araşdırmalar İB-in təklifi ilə  Vergilər Məcəlləsinə dəyişikliklər və bunun QHT-lərin fəaliyyətinə mümkün təsirləri barədə müzakirələr aparılıb.  Platformanın dəvəti ilə Vergilər Nazirliyin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev toplantıya qatılıb. Ə.Quliyev Vergilər Məcəlləsinə dəyişikliklər barədə məlumat verib və sualları cavablandırıb.