Azərbaycanın Salyan rayonu ərazisində yerləşən Kürsəngi -Qarabağlı neft yataqlarının istismarı ilə məşğul olan “Salyan Oil LTD” Şirkəti ( baş menecer Shan Liancenq) və şirkətin Həmkarlar Təşkilatı (sədr Əlverdi Xudiyev ) iddia ərizəsi ilə Salyan rayon məhkəməsinə müraciət edib. İddia ərizəsində şirkətə dəyən maddi və mənəvi ziyan üçün şirkətin keçmiş işçiləri xanım Zəkayət Abdullayevadan və xanım Mehparə Əlyevanın hər birindən 15000 (on beş min) manat, onları müdafiə edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyindən (NHMT İB) isə 35000 (otuz beş min) manat vəsait tələb olunub. Şirkət və Həmkarlar Təşkilatı sədri iddia ərizəsində bildirirlər ki, işçilərin şikayəti və onun müdafiəsini təşkil edən QHT-nın bu sahədəki fəaliyyəti nəticəsində şirkətə mənəvi və maddi ziyan dəymişdir. Bu ziyan işçilər və onu müdafiə edən təşkilat tərəfindən ödənilməlidir.
Azərbaycan Açıq Hökumət Platforması bununla əlaqədar bəyan edir ki, NHMT İB-nin Azərbaycan Respublikası qanunvericiliyinə, öz Nizamnaməsinə və missiyasına uyğun fəaliyyətinə hər hansı bir əngəl yaradılması, təzyiq və yaxud digər çəkindirici hərəkət, təşəbbüs edilməsi qətiyyən yol verilməzdir. Bu cür addımlar dövlət başçısı, cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti tərəfindən ictimai nəzarətin həyata keçirilməsi, “Açıq hökumət” islahatları ilə bağlı yürütdüyü siyasətə ziddir və kölgə salır.
Azərbaycan Açıq Hökumət Platforması bildirir ki, Platforma üzvü NHMT İB hasilat sənayesində əmək hüquqları, insan hüquqlarının qorunması ilə uzun illərdir ki, peşəkar səviyyədə məşğul olur və böyük təcrübəyə malikdir. NHMT İB hüquq-müdafiə fəaliyyətində hər zaman qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunması və peşəkar yanaşması ilə fərqlənib.
Azərbaycan Açıq Hökumət Platforması bəyan edir ki, Azərbaycan qanunvericiliyinə və Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq hər bir vətəndaş cəmiyyəti təşkilatının fəaliyyətinə kənar müdaxilələr, təzyiq xarakterli addımlar və tədbirlər qətiyyən yolverilməzdir. “Salyan Oil LTD” Şirkətinin NHMT İB-ni məhkəməyə verməsi tənqidi fikirlərin susdurulmasına cəhd kimi dəyərləndirilə bilər.
Azərbaycan Açıq Hökumət Platforması ümid edir ki, NHMT İB-nin “Salyan Oil LTD” Şirkəti tərəfindən məhkəməyə verilməsi sadəcə bir anlaşılmazlıqdır və tezliklə aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Platforma şirkəti mövcud fikir ayrılığını və fərqli yanaşmaları müzakirələr və dialoq yolu ilə aradan qaldırmağa çağırır. Əks halda bu NHMT İB-yə açıq təzyiq kimi qiymətləndiriləcək. Azərbaycan Açıq Hökumət Platforması NHMT İB-in bütün növ təzyiqlərdən qorunması və müdafiəsi üçün müvafiq tədbirlər görülməsinə nail olmağa çalışacaq.