Regionlarda inklüziv təhsil məsələləri müzakirə olunub

Vətəndaş cəmiyyətinin təklifləri müvafiq dövlət orqanlarının diqqətinə çatdırılıb.

Avrasiya Əməkdaşlıq Fondu Açıq Hökumət Platforması ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi, “Açıq hökumət həftəsi” (#OpenGovWeek)  çərçivəsində “Regionlarda inklüziv təhsil probleminə baxış  (Mingəçevir şəhəri)” mövzusunda dəyirmi masa müzakirələri təşkil edib.

Dəyirmi masa müzakirəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  İnsan Haqları üzrə Müvəkkil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Pedaqoji Universiteti nümayəndələri,  müstəqil ekspertlər, QHT təmsilçiləri və özəl sektorda çalışan mütəxəssislər iştirak ediblər.

Giriş nitqində Avrasiya Əməkdaşlıq Fondunun nümayəndəsi Elvin Yusfli layihə barədə məlumat verib. İştirakçıları layihənin məqsəd və vəzifələri barədə məlumatlandırıb.

Layihənin eksperti Rövşən Ağayev layihə çərçivəsində Mingəçevir şəhərində aparılmış tədqiqat haqqında məlumat verib.  Qeyd edib ki,  ictimai xidmətlərə çıxışın vətəndaş cəmiyyəti tərəfindən monitorinq edilməsi, təkliflər irəli sürülməsi çox əhəmiyyətlidir: “Yerli səviyyədə QHT-lərin sosial-iqtisadi ehtiyacların qiymətləndirilməsinə cəlb edilməsi çox vacibdir, amma bununla bağlı hələ çox iş görülməlidir. QHT-lərin cəlb edilməsi islahatların aparılmasına çox yardım edir. Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi ilə bağlı aparılan araşdırma bunu sübut kimi göstərilə bilər”.

Mingəçevir şəhərində aparılmış tədqiqat barədə  layihə rəhbəri Dilşad İlyasova təqdimatla çıxış edib. O, məlumat verib ki, qeyri-rəsmi məlumatlara görə Mingəçevir şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların təxmini sayı 1000  nəfərdən artıqdır. Bunlardan 213 nəfəri inklüziv təhsilə cəlb olunub: “Layihə çərçivəsində 29 nəfər ailəyə səfərlər edilib. Ailə vəziyyəti, ailədə uşaqların sayı, ailədə uşaqlara münasibət, uşaqların sosial-emosional inkişafı, məktəbə hazırlığı, valideynin uşaq inkişafı ilə bağlı maraq dairəsi və s. öyrənilib. Ehtiyaclar qiymətləndirilib.

Layihə ekspertləri xüsusi qeyd edirlər ki, reabilitasiya xidmətlərinin əlçatanlığının təmin edilməsi, az təminatlı ailələrə  loqoped, psixoloji xidmətlərin göstərilməsi üçün dövlət tərəfindən addımlar atılması, uşaq serebral iflicinə tutulmuş uşaqların müalicəsi ilə bağlı tədbirlər görülməsi, sağlamlıq imkanları məhdud uşaqların məktəb təliminə hazırlanması üçün hazırlıq kurslarının təşkili, valideynlər üçün də uşaqların məktəbə hazırlanması mövzusunda maarifləndirmə təlimləri keçirilməsi çox vacibdir.

Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov inklüziv təhsilin tətbiqi ilə əlaqədar ölkədə həyata keçirilən tədbilər barədə məlumat veirb. A.Xələfov bildirib ki, Azərbaycan Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər olmuşdur: “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün inkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılmışdır. Layihələrin icrası olaraq 15 ümumi təhsil müəssisəsində, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunmuşdur. 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Bakıda 4 məktəbdə pilot layihə həyata keçirilir.  Bu layihə BMT Uşaq Fondu ilə birgə icra olunur. İnklüziv təhsil ibtidai təhsil səviyyəsində tətbiq edilir. Hazırda  dövlət proqramının icrasna hazırlıq mərhələsi başlayıb. Nazirlikdə İşçi Qrup yaradılıb.  Dövlət proqramı kompleks yanaşmanı ehtiva edir. Buna görə, bütün nazirliyin strukturlarının hər birinin öz vəzifələri var və onlar bunu icra edəcəklər”.

A.Xələfov bildirib ki, inklüziv təhsillə bağlı yalnız Təhsil Nazirliyinin öhdəlikləri yoxdur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının görməli olduğu işlər var. Bütün cəmiyyətin münasibəti önəmlidir. Bütün bunlar həllini tapmalıdır ki, inklüziv təhsil uğurla tətbiq edilsin”.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə qeyd edib ki, Azərbaycanda 20 ildir ki, inklüziv təhsil müzakirə olunur: “Vətəndaş cəmiyyəti artıq bu siyasətin səmərəli icrasına necə töhfə verəcəyini müzakirə etməlidir.” Onun sözlərinə görə, “inklüziv təhsillə bağlı müzakirələrdə ən böyük səhv xüsusi qayğıya ehtiyacı olan uşaqlarla tipik uşaqların qarşı-qarşıya qoyulmasıdır.  Bu səhv yanaşmadır”.

Təhsil ekspertləri   Nadir   İsrafilov,   Etibar Əliyev öz təkliflərini qeyd ediblər. Hər iki ekspert müyəssərliyin, inklüziv təhsilin tətbiqi ilə əlaqədar institusional islahatlar aparılmasının  çox mühüm olduğunu vurğulayıblar.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin eksperti  Ülviyyə Mikayılova xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı etik məsələlərə diqqət yönəltdi: “Müşahidə edirik ki, autizmli uşaqların moda sərgisi teatrı təşkil olunur, serebral iflic xəstəliyindən əziyyət çəkənlərin teatrı təşkil olunur. Gəlin açıq danışaq, hər birimiz müxtəlif xəstəliklərdən əziyyət çəkirik. Kim istəyər ki, onkoloji xəstələrin teatrı təşkil olunsun? Kim buna baxmaq istəyər? Biz bu addımlarla etik məsələlərə xələl gətiririk və ayrıseçkilik salırıq”.

Azərbaycan Pedaqoji Universitetinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri maarifləndirmə işinin aparılması, terminologiyadan düzgün istifadə olunması ilə bağlı məsələlərə diqqət yetirilməsinin vacibliyini qeyd etdilər.

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bütün maraqlı tərəflərin iştirakıyla aparılan bu cür müzakirələrin əhəmiyyətini qeyd etdi. O, reabilitasiya xidmətlərinin əlçatanlığı məsələlərinin diqqət mərkəzində saxlanmalı olduğunu bildirdi.

Suallara və qeydlərə münasibət bildirən A.Xəlilov  bildirib ki, inklüziv təhsilin tətbiqi üçün mütləq bütün şərtlər nəzərə alınmalıdır və müvafiq şərait yaradılmalıdır: “Pilot layihə həyata keçirilən məktəblərdə bütün bunlar həyata keçirilir, personal təlimə cəlb olunub, şagirdlərlə iş, valideynlərlə iş aparılır. Müvafiq avadanlıq, dərs vəsaitləri təmin edilib. Müyəssərlik məsələləri həllini tapır”.