Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi”nin (“Hesablama Palatası haqqında” qanun layihəsi) ictimai müzakirəsi keçirilib. Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri, millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Giriş nitqində Platformanın əlaqələndiricisi Əliməmməd Nuriyev “Hesablama Palatası haqqında” qanun layihəsinin beynəlxalq audit standartlarının, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tələbləri nəzərə alınmaqla hazırlandığını qeyd edib. Bildirib ki, bu qanun layihəsi əvvəlkindən əhatə dairəsinə görə fərqlənir. Yeni qanun layihəsi Hesablama Palatasının həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib: “Nəzərə alsaq ki, büdcə vəsiatlərindən səmərəli istifadə olunması hər birimiz çox vacibdir, deyə bilərik ki, “Hesablama Palatası haqqında” qanun layihəsi hər bir vətəndaşın marağına xidmət edir”.
Hesablama Palatasının auditoru Firsənd Qurbanov diqqətə çatdırıb ki, ictimai müzakirədə səslənən faydalı fikirlər Palatanın fəaliyyətində nəzərə alınacaq: “Zaman dəyişir, dövlət büdcəsinin xərclərinə münasibət dəyişir, hər bir xərc mütləq nəzarətdə olmalıdır. Bugünkü müzakirə Hesablama Palatası üçün faydalı olacaq. İctimai müzakirədə səslənən hər bir faydalı fikirdən qanun layihəsində və ya öz fəaliyyətimizdə bu və ya digər formada istifadə edəcəyik”.
Hesablama Palatasının hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov ““Hesablama Palatası haqqında” yeni qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, yeni layihə ilə Hesablama Palatasının statusu və kənar dövlət maliyyə nəzarəti konkret müəyyən olunub, nəzarət tədbirləri ilə bağlı məlumatların əldə edilməsi və məlumatlara çıxış imkanları genişləndirilib, auditlərin mandatı və spesifikası müəyyənləşdirilib: “Hesablama Palatasının üzvləri ilə bağlı yeni tələblər müəyyən olunub. Xüsusən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, beynəlxalq prinsiplər, xarici ölkələrin təcrübələrinin öyrənilməsi geniş şəkildə qanun layihəsində əksini tapıb. Kadr potensialının gücləndirilməsi Hesablama Palatasının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Kadr potensialının genişləndirilməsi üçün xüsusi təlim mərkəzinin yaradılması nəzərdə tutulur”.
Platforma üzvü Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov “Səmərəli kənar nəzarət hansı qanunvericilik mühitini tələb edir?” mövzusunda təqdimatla çıxış edib. S.Bağırov Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) standartları, “Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsi”ndə əks olunan məsələlər, beynəlxalq təcrübədə ali audit qurumlarının fəaliyyəti barədə məlumat verib. S.Bağırov tövisyyələri də təqdim edib. Tövsiyyələrdə Hesablama Palatasının statusu, səlahiyyət çərçivəsi, Palatanın fəaliyyətinin maliyyələşməsi, üzvlərinin təminatları məsələləri əks olunub.
Təqdimatlardan sonra millət vəkilləri Vahid Əhmədov və Aydın Hüseynov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər. Müzakirələr zamanı Platforma üzvləri, İqtisad Universitteninin alimləri, müstəqil ekspertlər qanunun ayrı-ayrı maddələri ilə bağlı fikirlərini açıqlayıblar. Dövlət qurumlarının performans auditi, dövlət orqanlarının maliyyə performansı audtinin keçirilməsi, audit fəaliyyətinin əhatə dairəsi, səmərəliliyi ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Diskusiyalardan sonra Hesablama Platası nümayəndələri səslənən sualları cavablandırıblar və tövsiyyələrə münasibət bildiriblər.
Müzakirələrin sonunda Ə.Nuriyev qeyd edib ki, səslənən təkliflər ümumiləşdiriləcək və Platforma tərəfindən Hesabalam Platasına təqdim olunacaq.