“Rezonans” Gənclərin İctimai Birliyi “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqaməti (İnformasiya əldə olunması) üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinqin nəticələrini təqdim edib. Monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin” təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqi” layihəsi çərçivəsində həyata keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada monitorinq nəticələri müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Açıq Hökumət Platformasının koordinatoru informasiya açıqlığının, vətəndaşların informasiyaya çıxışının şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizədə çox vacib amil olduğunu qeyd edib. Ə.Nuriyev bildirib ki, informasiya açıqlığı məsələləri Azərbaycanın 2011-ci ildən üzv olduğu Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün əsas kompenentlərindən biridir: “İnformasiya açıqlığı, informasiyaya çıxışın asanlaşdırılması ictimai nəzarətin həyata keçirilməsi, yaxşı idarəçilik prinsiplərinin tətbiq edilməsi baxımından vacibdir. İnformasiya açıqlığı bu gün dünyada diqqət yetirilən məsələlərdəndir, əsas trendlərdən biridir. Azərbaycanda bu istiqamətdə tədbirlər həyata keçirilir. “Açıq hökumət” məlumatlar portalı yaradılıb. Vətəndaşların informasiyaya çıxışının asanlaşdırılması sahəsində də işlər görülür. Bununla belə, bu sahədə problemlər də mövcuddur və biz bunları aşkarlayaraq, həll yollarını təklif etməliyik. Bu monitorinq də bu sahədə töhvə verəcək”.
Ə.Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hər zaman “Açıq hökumət” təşəbbüsləri, şəffaflıq məsələlərini diqqətdə saxladığını, layihə təkliflərini dəstəklədiyini vurğulayıb.
Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz informasiya açıqlığı ilə əlaqədar artıq dünyada yeni yanaşma olduğunu söyləyib: “Hazırda artıq informasiyanın elə şəkildə çatdırılmasında söhbət gedir ki, ondan faydalı şəkildə istifadə etmək mümkün olsun. İnformasya elə formada təqdim olunur ki, istifadəçi lazım olan formatda yararlana bilsin. Söhbət vətəndaşlara məhz faydalı məlumatların əlçatan formada çatdırılmasından gedir. Əks halda çox böyük həcmdə faydasız informasiya verilir və bundan praktik yararlanmaq mümkün olmur”.
O.Gündüz Azərbaycanda “Açıq hökumət” məlumat bazalarının inkişaf etməsinin vacibliyini də qeyd edib.
Monitorinq nəticələrini təqdim edən layihə rəhbəri Zaur İbrahimov qeyd edib ki, MFP-nin 2-ci istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin 2016-cı il aprel ayı və 2017-ci ilin birinci yarısını əhatə etməklə orta icra səviyyəsi 73% olub. 2-c istiqamət üzrə 5 tədbirdən 2-si 100% icra olunub. Yalnız bir bənd üzrə irəliləyiş qeydə alınmayıb.
Z.İbrahimov problemləri də diqqətə çatdırıb:
– ““İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin praktikada effektiv tətbiqində yaranan problemlər;
– Yerli icra hakmiyyəti orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanmaması;
– İnformasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində kifayət qədər dinamikanın olmaması;
– İnformasiya sorğularının cavablandırılması ilə əlaqədar problemlər”.
Nəticələrin təqdimatından sonra iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.