Açıq Hökumət Platformasının 30 iyun 2017-ci il tarixdə keçirilən toplantısında Platformaya yeni üzvlər qəbul olunub. Platformanın Əsasnaməsinə uyğun olaraq Azərbaycan Əlil Təşkilatları İttifaqı, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin müraciətlərinə baxılıb.
Platformanın koordinatoru Əliməmməd Nuriyev Platformaya üzv olmaq istəyən QHT-lərin müraciətləri barədə məlumat verib. Platforma koordinatorunun məlumatı dinlədildikdən sonra Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli çıxış ediblər. Onlar rəhbərlik etdikləri QHT-lərin fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Platformanın Əsasnaməsinə uyğun olaraq müraciət edən təşkilatların Platformaya üzvlüyü ilə bağlı səsvermə keçirilib. İclasda iştirak edən Platforma üzvlərinin yekdil qərarı ilə Azərbaycan Əlil Təşkilatları İttifaqı, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Demokratik İslahatçı Gənclər İctimai Birliyi Açıq Hökumət Platformasına üzv qəbul ediblər.
Ə.Nuriyev yeni üzvləri Platforma adından təbrik edib və uğurlar arzulayıb.