Hökumət və Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması və işsizliyin azaldılmasını müzakirə edəcək

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması və işsizliyin azaldılması” mövzusunda dəyirmi masa keçirəcək. 18 aprel 2017-cı il tarixində saat 11.00-dan 13.00-dək «Bridge Plaza»-nın konfrans zalında (14-cü mərtəbə, Bakıxanov küç. 24) təşkil olunacaq tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsiləvi tədbirlərin davamıdır.

AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidməti, İqtisadiyyat Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi və digər dövlət orqanları əməkdaşlarının, həmçinin,  vətəndaş cəmiyyəti nümayəndələrinin tədbirdə iştirakı nəzərdə tutulub. Dəyirmi masanın məqsədi – hökumət və qeyri-hökumət qurumları arasında aparılan müzakirələr, eləcə də vətəndaşlar arasında keçirdiyimiz sorğular vasitəsilə, son zamanlar Azərbaycanda sosial problemə çevrilən işsizliyin səbəblərinin müəyyənləşdirilməsi, əhalinin məşğulluq vəziyyətində mövcud problemlərin öyrənilməsi və onların həll yolları barədə tövsiyələrin hazırlanaraq müvafiq dövlət orqanına təqdim edilməsi üçün imkan yaratmaqdır. Həmçinin, uzunmüddətli perspektivdə tövsiyələr məşğulluq sistemində şəffaflığın və hesabatlılığın artırılmasına, bu sahədə qanunvericilikdə olan boşluqların aşkarlanmasına və müvafiq tədbirlərin görülməsinə töhfə verir.

Qeyd edilənlərlə əlaqədar olaraq təşkilatımız tərəfindən hazırlanmış tövsiyələr paketi müvafiq dövlət qurumuna, o cümlədən tədbir iştirakçılarına təqdim ediləcəkdir.

Tədbirdə jurnalistlərin sualları cavablandırılacaq.

***

Daha ətraflı məlumat üçün zumrud@transparency.az ünvanına yazmaqla yaxud 596 20 38 və ya 497 68 15 nömrələrinə zəng  etməklə əlaqə saxlaya bilərsiniz.

Dəyirmi masa ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.