Elektron xidmətlərdən istifadədə Mingəçevir sakinlərinə köməkliklərin göstərildi

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində icra edilir.

Proqram çərçivəsində Mingəçevir şəhərində dövlət qurumlarının öz saytları və “Elektron hökumət” portalı  üzərindən göstərdikləri elektron xidmətlərdən istifadə bacarıqları aşılayan məlumatlandırma sessiyası keçirilib. Mingəçevir şəhərində baş tutan məlumatlandırma sessiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin ekspertləri Günay Hüseynova və  Elvin Cəfərov çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki yardımın göstərilməsidir: “Artıq proqram çərçivəsində əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün təbliğat materialları da hazırlanıb. Bukletdə “Elektron hökumət” portalı, dövlət qurumları və ictimai xidmətləri yerinə yetirən digər qurumlar tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumat toplanıb. Eyni zamanda bukletdə əhalinin www.e-gov.az portalının imkanlarından necə istifadə etməklə bağlı məlumat verilib. Əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün iki televiziya verilişi də hazırlanaraq yayımlanıb. Bu gün burada elektron xidmətlərdən istifadə imkanları ilə bağlı əlavə məlumat ala biləcəksiniz”.

Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Günay Hüseynova iştirakçılara  elektron xidmətlərin üstünlükləri, “Elektron hökumət” portalı ilə bağlı məlumat verib: “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları  tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında  elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. “Elektron hökumət”  vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən digər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanlarına malikdir. “Elektron hökumət” portalında 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 431 elektron xidməti mövcuddur”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Elvin Cəfərov iştirakçılara “Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi  ilə bağlı məlumat verib: “Hazırda portalda qeydiyyatdan keçmək üçün 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi  təqdim edilir. İstifadəçi ona rahat olan həmin vasitələrdən birini seçməklə portala giriş edə bilər. Bunlar  “E-imza” kartı, “E-Gov” mobil identifikası vasitəsi, “Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod/parol və “Asan imza”dır. “Elektron hökumət” portalı  vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Hazırda ən çox istifadə edilən xidmətlər  sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərdir. Portalda, həmçinin arayışların elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür”.

Daha sonra “Elektron hökumət” portalında qeydiyyat və portal  vasitəsi ilə göstərilən elektron xidmətlərdən istifadə ilə bağlı iştirakçılara əyani məlumat verilib. İştirakçılar elektron qaydada əldə edilməsi mümkün olan arayışlarla bağlı təcrübi məlumat alıblar.

Qeyd edək ki, tədbirdə fəal iştirak edənlərə «Elektron hökumət» portalından istifadə üçün istifadəçi adı və şifrə verilib.