AHT-nin 4-cü Paris qlobal sammiti – Yeni ideya və çağırışlar

Sammitə 70 ölkədən 3 mindən çox iştirakçı qatılıb. Sammiti Fransa predzidenti Fransua Olland açıb. ABŞ prezidenti Barak Obama və Kanadanın baş naziri Castin Tryudo təbrik nitqləri göndəriblər.

Sammit iştirakçıları şəffaflıq, korrupsiyaya qarşı mübarizə, davamlı inkişaf, iqlim dəyişikliyi siyasəti, rəqəmsal texnologiyalar, informasiya əlçatanlığı və açıq idarəetmənin tətbiq edilməsi məsələlərini müzakirə ediblər.

Sammitdə Paris Deklarasiyası qəbul edilib.

Deklarasiyada üç prioritet istiqamət üzrə irəliləyişlərin əldə olunmasının vacibliyi qeyd olunur:

– Şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə;

– Davamlı inkişafa nail olunması və iqlim dəyişikliklərinin qarşısının alınması üçün səylərin gücləndirilməsi;

– Ümumi rəqəmsal texnologiyaların inkişafı və onların uyğunluğunun təmin olunması.

Deklarasiyada qeyd olunur ki, AHT-nin qarşıdakı 5 ildə ən böyük uğuru hökumətlər tərəfindən milli fəaliyyət planları çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi olacaq.

Sammitdə müzakirələr zamanı xüsusi vurğulanıb ki, bir çox ölkələrdə “Açıq hökumət” imitasiyası ilə məşğul olurlar. Buna görə, yeni termin – “openwashing” yaranıb. Bu termini Azərbaycan dilinə “gözdən pərdə asmaq”, “aldatma” kimi tərcümə etmək olar. Hökumətlərin və iri şirkətlərin indi dəbdə olan “hesabatlılıq” sözündən və anlayışından istifadə etməklə özlərini reklam etməyə çalışması da bu  terminlə ifadə edirlir.

Sammitdəki çıxışlar zamanı xüsusi vurğulanıb ki, AHT prinsiplərinin əksinə olaraq üzv hökumətlərin yalnız 35%-i vətəndaş cəmiyyətini birbaşa iştiraka dəvət edir. Üzv ölkələrin 53%-də hökumət milli fəaliyyət planlarının hazırlanması zamanı vətəndaş cəmiyyəti ilə yalnız məsləhətləşməyə üstünlük verir. 12% üzv ölkərdə isə bu cür məsləhətləşmələr ümumiyyətlə aparılmır, yalnız məsələ haqqında məlumat verilir.

Milli Fəaliyyət Planlarının icrası zamanı isə üzv ölkələrdən 39%-də vətəndaş cəmiyyəti ilə məsələhətləşmələr aparılmır.

Sammit zamanı keçirilən seminarlarda hökumətlərin “məlumat açıqlığı” imitasiyası ilə məşğul olduqlarına da diqqət çəkilib.  Amma BMT-nin İnkişaf Proqramı çox aydın şəkildə müəyyən edir ki, məlumat o zaman əlçatan sayılır ki,  o:

  1. a) istifadə üçün yararlıdır;
  2. b) faydalıdır;
  3. c) istifadə olunur.

Bir çox hökumətlər isə sadəcə olaraq, çoxlu lazmsız məlumatlar açıqlayırlar və bununla işlərini bitmiş hesab edirlər.

Sammitdə müzakirələr zamanı vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən bu məsələlərə xüsusi diqqət yetirilməsi tövsiyə edilib.

Sammitdə MDB ölkələrindən Gürcüstan yüksək səviyyədə təmsilçiliyi ilə fərqlənib. Sammitdə iştirak etmək üçün Parisə səfərə gələn Gürcüstan prezidenti Georgi Marqvelaşvilini hökumət üzvləri və deputatlar müşaiyət ediblər.

Qeyd edək ki, Gürcüstan 2017-ci ildə AHT-yə sədrlik edəcək və növbəti sammitin bu ölkədə keçirilməsi nəzərdə tutulur.