Ombudsmana necə və nəyə görə müraciət etmək olar?

Bütün insan hüquqları hallarının pozulması, o cümlədən ayrı-seçkilik halları ilə bağlı şikayət vermək olar.

İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.

Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, qanunda göstərilən hallar istisna olmaqla (anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.) baxılmır.

Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır. Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.

  • Müvəkkilə şikayətlərin verilmə qaydası Qanununun 8-ci maddəsinin (İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası) müvafiq bəndlərinə uyğun aşağıdakı qaydada tənzimlənir:
  • Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra “ərizəçi” adlandırılacaq) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
  • Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.

Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər.

  • Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
  • Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir.
  • İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) bütün insan hüquqları hallarının pozulması, o cümlədən ayrı-seçkilik halları ilə bağlı şikayət vermək olar.

Bu linklərdən bütün məlumatları əldə etmək olar.

http://ombudsman.gov.az/view.php?lang=az&menu=59 http://ombudsman.gov.az/view.php?lang=az&menu=contacts http://ombudsman.gov.az/view.php?lang=az&menu=98

Bu məqalə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri  İB-nin  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Açıq Hökumətin  Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsi çərçivəsində hazırlanıb və dərc edilir.