8 Oktyabr 2018-ci ildə Azərbaycanda dövlət hesabına hüquqi yardım xidmətinin vəziyyətinə dair araşdırmanın nəticələri təqdim edilib.Təqdimatçı Mirəli Hüseynov bildirib ki, ötən il təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən biri kimi “Pulsuz hüquqi yardım haqqında” Qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Bu baxımdan araşdırmanın məqsədi Azərbaycanda pulsuz hüquqi yardım xidmətinin təşkili sahəsindəki mövcud qanunvericilik bazası, praktikanın öyrənilməsi, ehtiyacların qiymətləndirilməsi və bu sahədə islahatların sürətləndirilməsi və islahat gündəliyinin formalaşdrılmasına töhfə verməkdən ibarətdir.
- Hüseynovun sözlərinə görə bu sahədə əsas problemlər hüquqi yardıma ehtiyacı olan əhali qruplarının dairəsinin məhdud olması, mülki işlərdə hüquqi yardımın yalnız Ali Məhkəmə instansiyasında mümkünlüyü, hüquqi yardımın institusional bazasının və maliyyə imkanlarının zəif olması, hüquqi yardımın təşkili və idarə edilməsində maraqlar toqquşmasına yol verilməsi, hüquqi yardımın keyfiyyətinin aşağı olması, xidməti qiymətləndirmə alətlərinin olmaması vəs. kimi məsələlərdə özünü daha qabarıq göstərir.
Müsbət təcrübələr haqqında məlumat verən təqdimatçı hüquqi yardımın beynəlxalq standartlara uyğunlaşdırılması üçün institusional islahatların aparılmasının zəruruliyini vurğulayıb və iştirakçıları araşdırma qrupunun əsas tövsviyyələri ilə tanış edib. Araşdırma qrupunun mövqeyinə görə hüquqi yardımın təşkili və idarəçiliyini kollegial qurum həyata keçirməli, hüquqi yardım benefisiarlarının və sahələrinin dairəsi genişləndirilməli, hüquqi yardım mərkəzləri yaradılmaslı, keyfiyyətinin gücləndirilməsi üçün müəyyən alətlərdən istifadə edilməli və digər uyğun tədbirlər həyata keçirilməlidir.
Tədbirdə iştirak edən AR Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Hüquq və İnkişaf” İB sədri Hafiz Həsənov, Vəkillər Kollegiyasının üzvləri Əlibaba Rzayev, Rüstəm Zülfüqarlı, Mahir Quliyev və digərləri məsələ üzrə konkret rəy və təkliflərlə çıxış ediblər.
M, Hüseynov yekunda bildirib ki, səslənən bütün təkliflərdə nəzərə alınmaqla Hesabatın yekun variantı aidiyyatı dövlət orqanlarına təqdim ediləcək.
Qeyd: Təşəbbüs Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” baş tutub.