Yeni Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələr davam edir. Yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında səhiyyə sektorunda korrupsiya hallarının qarşısının alınması, vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə bağlı hazırlanan təkliflər müzakirə olunub.
İclasda Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvləri, özəl sektor nümayəndələri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin əməkdaşı Nurlan Həsənov gündəlik və müzakirə olunacaq məsələlər barədə məlumat verib. Səhiyyə Nazirliyinin hüquqi nəzarət sektorunun müdiri Elxan Əzizov Səhiyyə Nazirliyinin fəaliyyəti ilə əlaqədar şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin təkmilləşdirilməsi və yaradılması ilə bağlı hazırlanan təklifləri diqqətə çatdırıb.
Müzakirələr zamanı Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev , “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB sədri Əhməd Abbasbəyli, Hesablama Palatasının Şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Maarif Abbasov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı və digərləri öz təklif və qeydlərini bildirdilər.
Vətəndaşların tibb müəssisələrində online rejimdə qəbula yazılması, səhiyyə sisteminin rəqəmsallaşması, «Dərman preparatlarının dövlət elektron reyestri»nin formalaşdırılması və «Elektron hökümət» portalında xidmətin, tibb müəssisələri və tibb işçiləri haqqında elektron məlumat bazasının yaradılması, ölkə üzrə peyvəndləşmə və yayılan xəstəliklərin elektron qeydiyyatının aparılması, tibb müəssisələrində vətəndaşların tibb sənədlərinin elektron dövriyyəsinin və elektron sağlamlıq sisteminə bütün ölkə əhalisinin keçidinin təmin edilməsi, «Vətəndaşların elektron səhiyyə kabineti» elektron xidmətinin hazırlanması və tətbiq edilməsi ilə bağlı təkliflər səsləndirilib.
Bundan başqa dərman preparatlarının avtomatlaşdırılmış təqib sisteminin tətbiq edilməsi, həkimlərin göstərdiyi xidmətin elektron qiymətləndirmə sisteminin yaradılması, həkimlərin etik davranış qaydalarının hazırlanması və tətbiqi, tibb işçiləri üçün onlayn kursların və video təlimlərin (vebinar) keçirilməsi, müxtəlif xəstəliklər üzrə mobil aplikasiyaların yaradılması və tətbiqi, xəstəliklər üzrə səhiyyə statiskasının təkmilləşdirilməsi və elektron sistemləşdirilməsi, xüsusi sahələr üzrə təkliflərin hazırlanması üçün fokus qrupların yaradılması, 1 yanvar 2020-ci ildə ölkə üzrə tətbiq olunacaq İcbari Tibbi Siğorta ilə bağlı əhalinin maarifləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Müzakirələrin sonunda Səhiyyə Nazirliyinin əməkdaşı sualları cavablandırıb və təkliflərlə bağlı rəyinin bildirib. Təkliflərin ümumiləşdirilməsi, sistemləşdirilməsi və növbəti müzakirələrdə bir daha nəzərdən keçirilməsi qərara alınıb. Korrupsiyaya qarşı mübarizə Komissiya vətəndaş cəmiyyəti nümayəndələri və bütün maraqlı tərəfləri bu prosesdə aktiv iştirak etməyə və rəy və təkliflərini elektron və ya yazılı şəkildə, o cümlədən İşçi Qrupun iclasında iştiraka dəvət edir.