Açıq Hökumət təşəbbüsləri kontekstində e- hökumətin inkişafı müzakirə olunub

02 avqust 2019-cu il tarixdə  yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında elektron hökumətin inkişafı üzrə təkliflər müzakirə olunub.

Dövlət Miqrasiya Xidmətində keçirilən toplantıda AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Katibliyinin, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının üzvləri, Milli QHT Forumu üzvləri, digər vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri iştirak ediblər.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın əməkdaşı Nurlan Həsənov gündəlik və müzakirə olunacaq məsələlər barədə məlumat verib.  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz əsas məruzəçi kimi çıxış edib və təklifləri diqqətə çatdırıb.

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB sədri Əhməd Abbasbəyli, “Hüquq və İnkişaf” İB sədri Hafiz Həsənov, “Demokratiyanı öyrənmə”  İB sədri Mirəli Hüseynov, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Vahidoğlu, Milli QHT Forumunun prezidenti Rauf Zeyni  və digər QHT nümayəndələri  təkliflərini səsləndiriblər, qeydlərini bildiriblər.

myGov portalının təkmilləşdirilməsi və yeni imkanların yaradılması, dövlət orqanlarının məlumat bazalarının inteqrasiyası, elektron sənədlərin dövlət qurumları tərəfindən tanınması, elektron imza sisteminin təkmilləşdirilməsi, kütləvi istifadə olunan dövlət xidmətlərinin elektronlaşmasında interaktivliyin və mümkün qədər tam tsiklin təmin olunması, sənədlərin verilməsi, arayışların alınması və digər dövlət sənədlərinin əldə edilməsi sahəsində elektronlaşmanın sürətləndirilməsi, mövcud elektron xidmətlərin yenidən nəzərdən keçirilməsi və inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Elektron Hökumət Mərkəzi, NRYTN təmsilçiləri, digər dövlət qurumları əməkdaşları təkliflərlə bağlı öz rəylərini açıqlayıblar və sualları cavablandırıblar.