Jurnalistlərə insan hüquqları sahəsində təlim keçirilib
İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistlərin insan hüquqları sahəsində bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsi” layihəsini həyata keçirib.
Layihə KİV-in insan hüquqlarının qorunmasında rolunun gücləndirilməsi, KİV-in fəaliyyətində insan hüquqlarının qorunması probemlərinin həllinə maarifçilik tədbirləri vasitəsilə yardım göstərilməsini nəzərdə tutur.
Layihə çərçivəsində aparıcı xəbər saytlarını və portallarını təmsil edən 20 jurnalist üçün “İnsan hüquqlarının qorunmasında KİV-in rolu” mövzusunda 2 təlim keçirilib. 5 saatlıq bir təlim kursu “Təqsirsizlik prezumsiyası”, “Fərdi və kommersiya sirlərinin qorunması”, “Diffamasiya”, @“Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydaları” və insan hüquqları” mövzularını əhatə edib.
Təlimə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidli və hüquqşünas, “AzLegqalServis” hüquq şirkətinin direktoru Zaur Quliyev, tanınmış jurnalist Aygün Muradxanlı təlimçi kimi dəvət olunublar.
Təlim iştirakçıları təlimçilərin təqdim etdiyi keyslər üzrə üzrə çox maraqlı müzakirələr aparıblar. Xüsusən, “jurnalist borcu, marağı, repartyor işinin xüsusiyyətləri və fərdi məlumatların qorunması”, “publik şəxslərin fərdi həyatı ilə bağlı məsələlərin işıqlandırılması”, “məhkəmə iclaslarından reportajlar, hüquq-mühafizə orqanlarından əldə edilən məlumatların işlənməsi” mövzularında təqdim edilən keyslər üzrə qrup çalışmaları iştirakçılar üçün çox faydalı olub.
Layihə çərçivəsində “KİV-in insan hüquqlarının qorunması” adlı kitabça hazırlanıb. Kitabçada KİV-in fəaliyyətində insan hüquqlarının qorunması və KİV-in insan hüquqlarının qorunmasında rolu ilə bağlı müxtəlif aspektlər əhatə edir. Kitabça jurnalistlər üçün bələdçi rolunu oynamaqla, onları istiqamətləndirməyə xidmət edəcək.
Kitabçada hüquqi sahədə məqalələr yazan və kriminal xəbərlər çatdıran, reportajlar hazırlayan jurnalistlər üçün insan hüquqlarına, insanların elementar azadlıqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmətlə yanaşılması, təqsirsizlik prezumpsiyası hüququ, diffamasiya məsələləri ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin və beynəlxalq media hüququnun aktual problemləri araşdırılıb.
İctimai fikrin formalaşmasında xüsusi rolu olan mediaya aid olan hüquqi öhdəliklər tədqiq edilmiş, ifadə azadlığı, informasiyanın əldə olunması, ötürülməsi ilə bağlı beynəlxalq normaların düzgün tətbiqinə xüsusi yer ayırılaraq, bununla bağlı Avropa Məhkəməsinin təcrübəsinə istinad edilmişdir.
Vəsait xüsusi olaraq KİV əməkdaşları, media peşəkarları və ümumilikdə, bu sahəyə maraq göstərənlər üçün nəzərdə tutulub.
Kitabça «QHT Nəşriyyatı»da 200 ədəd nəşr olunub və redaksiyalara, jurnalist təşkilatlarına paylanacaq.