Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “İnkişaf və İdarəetmədə Strateji Əməkdaşlıq və Əlaqələndirmə“ layihəsinin icrasına həsr olunmuş yekun təqdimat keçirilib.
Avropa Birliyinin Proqram Meneceri xanım Aleksandra Nerisanu və BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndiricisinin müavini xanım Cəmilə İbrahimova həyata keçirilən layihəni yüksək qiymətləndirərək, layihənin yerli inkişaf proseslərində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsində mühüm rol oynayacağı qənaətində olduqlarını bildirib.
Sonra Avrasiya Əməkdaşlıq Fondunun proqram rəhbəri Gülnarə İsmayılova həyata keçirilən layihə haqqında qısa məlumat verib. O bildirib ki, layihə regionda yerləşən qeyri-hökumət təşkilatlarının (QHT) ehtiyaclarını təmin etmək üçün müxtəlif fəaliyyətləri özündə ehtiva edib. Bacarıqların inkişafı (institusional, ictimai siyasət və effektiv vəkillik istiqamətində) fəaliyyətindən əlavə olaraq, layihə regiondakı QHT şəbəkə üzvlərinə təmsil olunduqları bölgələrindəki kiçik miqyaslı yerli ehtiyacları qarşılamaq üçün təşəbbüsləri icra etməyə imkan yaradıb. Layihə çərçivəsində həmçinin yerli QHT-lərin fəaliyyət imkanlarının öyrənilməsi məqsədilə tədqiqat aparılıb və uyğun tövsiyələr hazırlanıb. Bundan əlavə, yerli QHT-lərin və yerli hakimiyyət orqanlarının əməkdaşlıq platformasının formalaşdırılmasına yönəlik fəaliyyətlər həyata keçirilib.
Tədbirdə iştirakçılarına layihə çərçivəsində yerli QHT-lər tərəfindən həyata keçirilmiş kiçik təşəbbüslərin nəticələri də təqdim olunub. Yerli QHT təmsilçiləri Çingiz Nəzərov Mingəçevir şəhərində kommunal xidmətlərlə bağlı, Vəli Turan Xaçmaz rayonunda suvarma suyu ilə bağlı, Dilşad İlyasova Mingəçevir şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri ilə bağlı, Əlibəy Zeynallı isə Şirvan şəhərində mənzil kommunal xidmətləri ilə bağlı apardıqları tədqiqatların nəticələrini təqdim ediblər.
Bundan sonra layihənin icraçı ekspertləri Rövşən Ağayev və Abil Bayramov QHT-lərin yerli sosial-iqtisadi inkişafda iştirakçılıq imkanlarının qiymətləndirilməsi üzrə tədqiqatın nəticələrini açıqlayıblar.. Qeyd ediblər ki, tədqiqat sənədində yerli səviyyədə fəaliyyət göstərən QHT-lərin yerli sosial-iqtisadi inkişaf, yerli idarəetmə və yerli ictimai xidmətlərlə bağlı siyasətə təsirinin və onun həyata keçirilməsində iştirak imkanlarının araşdırıılmasının nəticələri öz əksini tapıb. Tədqiqat çərçivəsində QHT-lərin yerli sosial-iqtisadi inkişaf, yerli idarəetmə və yerli ictimai xidmətlərlə bağlı siyasətdə iştirakını çətinləşdirən problemlər müəyyənləşdilib və iştirakçılıq səviyyəsinin artırılmasına yönəlik təkliflər hazırlanıb.
Sonra bütün təqdimatlar ətrafında müzakirələr oldu. Konfransda həmçinin gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.