Açıq Hökumət Platforması büdcə təşkilatlarının maliyyə hesabatlarının dərc edilməsi məsələlərini müzakirə edib

 

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyədə” layihəsi üzrə 07.07.2017-ci il  tarixində Bakıda, Holiday İnn otelində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi və bu sənədlə əlaqəli bəzi tövsiyələr”, “Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbiqi ilə əlaqədar bəzi qeydlər” və Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının illik maliyyə hesabatlarının dərc edilməsi səviyyəsinin qiymətləndirilməsi” mövzularında müzakirələr keçirilib.

 Tədbirdə Platforma üzvü olan və olmayan qeyri-hökumət təşkilatları nümayəndələri iştirak edib. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev açılış nitqindən sonra İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Dr. Vüqar Bayramov Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi barədə təqdimatla çıxış etmişdir və bəzi tövsiyələrini səsləndirib. Daha sonra, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Ramil Hüseyn turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbiqinə dair bəzi məlumatlar verib. Bundan sonra hər iki məruzəçi dəyirmi masa iştirakçılarının suallarına cavab verib.

Dəyirmi masanın ikinci hissəsində Prof. Rasim Həsənov Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının illik maliyyə hesabatlarının dərc edilməsi səviyyəsinin qiymətləndirilməsi mövzusunda təqdimatla çıxış edib. O, tədbir iştirakçılarını beş nəhənk dövlət şirkəti olan SOCAR, AzərEnerji, AZAL, Azərsu və Azərbaycan Dəmir Yolları şirkətlərinin hesabatlılıq sistemini şərh etmiş və bəzi tövsiyələr səsləndirib.

Tədbir  iştirakçıların müzakirələri və Əliməmməd Nuriyevin yekun sözü ilə tamamlanıb.