Gəncə şəhərində “İctimai İştirakçılıq. Yerli qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda müzakirələr təşkil edilmişdir

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir.

Bu layihə çərçivəsində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, ekspert Sahib Məmmədovla Avrasiya Əməkdaşlıq Fondu arasında imzalanmış 07 mart 2017-ci il tarixli müqavilə əsasında həyata keçirilən “İctimai İştirakçılıq.

Mövcud vəziyyətin öyrənilməsi və yeni təşəbbüslərin dəstəklənməsi” adlı sifariş çərçivəsində Gəncə şəhərində yerli icra hakimiyyəti, yerli özünüidarə orqanları və regionun vətəndaş cəmiyyəti nümayənələrinin iştirakı ilə “İctimai İştirakçılıq. Yerli qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda müzakirələr keçirilmişdir.

Müzakirələrdə Ombudsman aparatının rəhbəri ekspert Aydın Səfixanlı və ekspert Sahib Məmmədov müzakirə üçün məruzələr təqdim etmişdir.

Ekspert Aydın Səfixanlı “İctimai İştirakçılıq haqqında. Azərbaycanda ictimai iştirakçılıq modelləri və formaları” mövzusunda çıxış etmişdir. Daha sonra bu mövzu ilə və  yerli qərarların qəbulunda vətəndaşların iştirak imkanları ilə bağlı müzakirələr olmuşdur.

Gəncə, Qazax, Şəmkir, Samux və Tovuzdan olan vətəndaş cəmiyyəti nümayəndələri vətəndaş cəmiyyətinin yerli qərarlara təsir etmək imkanlarından və üsullarından danışmış və uğurlu nəticələrdən misallar göstərmişdir.

Eyni zamanda yerli icra hakimiyyətləri tərəfindən ictimai şuraların yaradılmasında problemlərin olduğunu göstərmişlər.

Gəncə şəhər icra hakimiyyətinin və Gəncə bələdiyyəsi nümayəndələrinin maraqlı çıxışları olmuşdur.

Almaniya Əməkdaşlıq Təşkilatının yerli özünüidarə proqramının regional proqram rəhbəri, Qazax İnsan hüquqları Resurs Mərkəzinin, Şəmkir Milli QHT Formu regional nümayəndəliyinin rəhbəri və digər Vətəndaş cəmiyyəti nümayəndələri konkret təkliflər irəli sürmüşdür.

Tədbirin yerli təşkilatçısı “Gəncə regional qadın mərkəzi”-nin sədri Məleykə Əlizadə olmuşdur.

Növbəti regional toplantı Qəbələ şəhərində təşkil olunacaqdır.

Sonda Bakı şəhərində Açıq hökumətin təşviqi üzrə hökumət-vətəndaş cəmiyyəti dialoq platformasında yekun müzakirələr təşkil olunacaq və monitorinq hesabatı təqdim ediləcəkdir.