06 iyun tarixində Holiday İnn mehmanxansında Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya” Araşdırmalar Fondu və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən həyata keçirilən layihələr çərçivəsində “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib.
Tədbirdə dövlət orqanları, publik hüquqi şəxslər yanında yaradılmış İctimai Şura sədrləri, üzvləri daxil olmaqla əllidən çox QHT təmsilçisi, Milli Məclis, Nazirlər Kabineti, Ombudsman, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası üzvləri, Ədliyyə Nazirliyi, Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nümayəndələri iştirak ediblər.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “İctimai iştirakçılıq haqqında qanunvericiliyə əlavə və dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib. Ə.Nuriyev ictimai iştirakçılıq haqqında qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərin mövcud təcrübəni, vətəndaş cəmiyyəti institutlarının rəyini, onların rastlaşdıqları problemlərin həlli ilə bağlı baxış və ideyaları nəzərə aldığını bildirib. Təkliflərin İctimai Şuraların daha səmərli işləməsi, müstəqilliyinin əsaslarının möhkəmləndirilməsi, Şuralara seçkilərdə müşahidə olunan nöqsanların aradan qaldırılması, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini əhatə etdiyini diqqətə çatdıran Ə.Nuriyev bu təkliflərin müəllifinin məhz bütövlükdə vətəndaş cəmiyyəti olduğunu xüsusi vurğulayıb.
Ə.Nuriyev qeyd edib ki, müşahidə olunan nöqsanlarla yanaşı vətəndaş cəmiyyəti ictimai iştirakçılıq və ictimai nəzarətin həyata keçirilməsində fəal olmağa çalışır, bu sahədə mövcud imkanlardan daha dolğun və səmərəli istifadə edilməsi üçün əlverişli hüquqi mühit yaradılması əsas şərtlərdən biridir, eyni zamanda bu sahədə fəaliyyətin əlaqələndirilməsinə ehtiyac var və müvafiq koordinasiya mexanizmi yaradılması nəzərdən keçirilməlidir. Dövlət orqanları daha məsuliyyətlə yanaşmalıdırlar, QHT-lər də öz növbəsində peşəkarlıq, maraqlar toqquşmasının yol verilməzliyi prinsiplərini rəhbər tutmalıdırlar. Qanunvericliyə təklif olunan dəyişikliklər hər iki istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə çətinlikləri dəf etməyi hədəfləyib.
Ə.Nuriyev dövlət başçısının ictimai nəzarətin vacibliyi barədə fikrilərini, çağırışlarını xatırladaraq, mövcud vəziyyətin qarşıya qoyulan vəzifələrin həllinə imkan vermədiyini, bu sahədə çətinliklərin aradan qaldırılması üçün əlavə səylərə ehtiyac olduğunu qeyd edib.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbarhimov “İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyət: naliyyətlər və çətinliklər” mövzusunda təqdimatla çıxış edib. İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılmış təqdiqatın nəticələrini açıqlayıb.
Statistik təhlil göstərib ki, İctimai Şuralarda qadınların və gənclərin təmsilçiliyi aşağı səviyyədədir. Qadınların səlahiyyətləndirilməsi, regionlarda İctimai Şuraların yaradılması prosesində qanunverciliyin tələblərinə əməl olunmasında çətinliklər müşahidə olunur. QHT-lər arasında keçirilən sorğuda QHT-lərin əksəriyyəti qeyd edib ki, dövlət orqanları ictimai iştirakçılıq və nəzarət məsələlərinə kifayət qədər diqqət göstərmirlər, həmçinin ictimai iştirakçılığın digər formalarından istifadə olunması aşağı səviyyədədir.
Sorğunun nəticələrinə əsasən QHT-lər bunu bilik və bacarıqların, maliyyə dayanıqlığının yetərli səviyyədə olmaması, dövlət orqanlarının formal yanaşması ilə izah ediblər. Sorğunun nəticələri QHT-lərin ictimai iştirakçılıq və nəzarətin həyata keçirilməsi ilə bağlı vəziyyəti əsasən qeyri-qənaətbəxş qiymətləndirdiyini göstərib. Həmçinin, QHT-lər vətəndaşların ictimai iştirakçılıq və nəzarətlə bağlı məlumatlılıq səviyyəsinin aşağı olmasını qeyd ediblər. QHT-lər müsbət məqamlar kimi dövlət orqanlarının keçirilən tədbirlərdə iştirakını, əməkdaşlığını, informasiya sorğularının cavablandırılması vəziyyətinin yaxşılaşmasını qeyd ediblər.
Bir neçə istiqamətdə təkliflər irəli sürülüb, QHT-lər dövlət orqanları və QHT-lərə bu sahədə təlim dəstəyinin verilməsini, ali və yuxarı hakmiyyət orqanlarının ictimai iştirakçılıqla bağlı müvafiq təlimatlar verməsini, dövlət orqanları, publik hüquqi şəxslər və dövlət şirkətlərinin ictimai iştirakçılıqla bağlı hesabatlar verməsini İctimai Şuraların institusional inkişafı üçün tədbirlər görülməsini təklif ediblər.
Müzakirələr zamanı dövlət orqanları QHT-lər tərəfindən qaldırılan problemləri, təkliflərləri dinləyiblər, nöqsanlara münasibət bildiriblər və sualları cavablandırıblar.
Milli Məclisin dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə təkliflərə münasibət bildiriblər, qaldırılan məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya” Araşdırmalar Fondu “Azərbaycanda ictimai iştirakçılıq praktikasının təkmilləşdirilməsi”, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB isə “İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin monitoriniqi və qiymətləndirilməsi” layihəsini həyata keçirirlər. Hər iki layihə çərçivəsində hazırlanmış təkliflər və tədqiqat hesabatı müvafiq dövlət qurumlarına təqdim ediləcək.