Memorandum

Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə

MEMORANDUM

 

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə  5 sentyabr 2012-ci il tarixdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, genişləndirilməsi  məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmişdir.

Biz, aşağıda imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclis üzvləri “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün  Azərbaycanda tətbiqinin genişləndirilməsinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın, korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin verdiyi töhfəni nəzərə alaraq;

Hökumət-vətəndaş cəmiyyəti dialoqunun “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda uğurla tətbiqinə əhəmiyyətli dəstək verəcəyinin  zəruriliyini vurğulayaraq;

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq:

  • Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi,
  • Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi,
  • Bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi
  • Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının (Platforma) yaradıldığını bəyan edirik.

Platforma fəaliyyətində  şəffaflıq, qərəzsizlik, peşəkarlıq   və   əməkdaşlığa   açıqlıq   prinsiplərini əsas tutur.

 

Platforma aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

 

  • İnformasiya əldə etmək, fiskal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək;
  • “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq;
  • “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək;
  • Təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq.
  • Elektron hökuməti təşviq etmək.

Platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri Platformanın Reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti Platformanın Koordinatoru tərəfindən əlaqələndirilir.

Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçisi üçün açıqdır və bütün üzvlər bərabər hüquqlara, vəzifələrə malikdirlər.

Biz yuxarıda göstərilən məqsədlərdən çıxış edərək Açıq Hökumətin Təşviqi üzrə hökumətlə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın zəruriliyini və bu prosesdə ictimai iştirakçılığın əhəmiyyətini nəzərə alaraq bu Memorandumu imzaladıq.